Vüsal Qasımlı: "Yaxın 30 ildə Azərbaycanda rifah halı ən azı 40 % yaxşılaşacaq"
- 03 noyabr, 2022
- 06:55
Dünya Bankının hesablamalarına görə, 2050-ci ilə qədər orta statistik Azərbaycan vətəndaşının rifah halı ən azı 40 %-ə qədər yaxşılaşacaq.
"Report" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı deyib.
"Bizim bundan sonrakı inkişafımızı sürətləndirən iki vacib amil var. Bunun birinə iqtisadçılar məcmu amil məhsuldarlığı deyirlər. Bura institutların inkişafı, texnologiyaların tətbiqi, imfrastrukturun yaxşılaşdırılması, bazarlara çıxış və rəqabət mexanizminin təkmilləşdirilməsi daxildir.
İkinci vacib istiqamət isə insan kapitalıdır. Hesablamalar göstərir ki, biz məhsuldarlığın artırılması və insan kapitalının genişləndirilməsi istiqamətində islahatlarımızı indiki şəkildə davam etdirsək, bu bizə hər il iqtisadiyyatın əlavə 1,7 % daha çox artmasına şərait yaradacaq. Bu halda 2050-ci ilə qədər orta statistik Azərbaycan vətəndaşının rifah halı ən azı 40 %-ə yaxşılaşacaq", - deyə V.Qasımlı bildirib.