Azərbaycanda dövlət müəssisələrinin (DM) istiqraz buraxılışlarının artırılması planlaşdırılır.
“Report” xəbər verir ki, bu “Bakı Fond Birjası”nın (BFB) “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nda əks olunub.
Sənədə əsasən, dövlət müəssisələri istiqrazlarının həcmində proqnozlaşdırıla bilən artım potensialı 1,3 milyard manatdır.
Bu məqsədlə istiqraz buraxılışına maraqlı DM-lərin müəyyən ediləcək, istiqraz emissiyasının faydaları, emissiya proseduru və tələbləri ilə bağlı təqdimatlar keçiriləcək.
Bundan başqa, DM-lərin emissiya prosesi öncəsi bazarın alıcılıq qabiliyyəti müəyyənləşdiriləcək, eləcə də istiqraz emissiyalarının müvafiq şəkildə planlaşdırılmasına dəstək veriləcək. DM-lərə əlavə emissiya/uzadılmaların planlaşdırılmasına davamlı dəstək veriləcək.
“Azərbaycanda DM-lərin əsas maliyyələşmə mənbəyi dövlət büdcəsi ayırmalarının və bank kreditlərinin üzərində qurulur, halbuki bir çox inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr öz kapital bazarlarını DM-lər üçün əlverişli maliyyə mənbəyinə çevirib.
Aktiv korporativ istiqraz bazarı investorların kapital bazarlarına cəlb edilməsi üçün çox zəruridir.
Bir çox ölkələrdə əhəmiyyətli paya sahib olan DM-lərin istiqraz buraxılışı korporativ borc bazarının inkişafının əsasını qoyub”, - BFB bəyan edib.
Hazırda dövlət müəssisələrindən kapital bazarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) (hər biri 100 milyon ABŞ dolları məbləğində olan 2 istiqraz emissiyası), “AzerGold” QSC-nin (hər biri 20 milyon ABŞ dolları məbləğində olmaqla 2 emissiya) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) (100 milyon ABŞ dolları) istiqrazları tədavül olunur.