Azərbaycan "UnionPay" sistemi üzrə xidmətlərə başlayıb
- 19 noyabr, 2014
- 12:05
Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) bu gündən etibarən bankomat və POS-terminal şəbəkələri vasitəsilə “UnionPay” beynəlxalq kartlarının qəbuluna başlayıb. Bu barədə "Report"a ABB-dən məlumat verilib.
Dünya miqyasında bu kartların ümumi sayı son bir ildə 1 mlrd. ədəd artaraq 4,5 mlrd.-a çatıb: “Real kartı olanların sayı artıq 1 milyarda yaxınlaşır. Bu kartların istifadəsi geniş şəbəkəyə malikdir. Odur ki, onların Azərbaycanda qəbulu əsas şərtlərdən biridir. ABB nəzərdə tutulan tədbirləri, o cümlədən ölkəyə gələn iş adamları və turistləri nəzərə alaraq, bu kartların birbaşa Azərbaycanda təmin olunmasını qarşısına məqsəd qoyub”.
ABB-dən həmçinin bildirilib ki, Azərbaycanla Çin arasında iqtisadi münasibətlər ilbəil inkişaf edir. Azərbaycanlı iş adamları Çində irihəcmli alqı-satqı əməliyyatları həyata keçirirlər. Hazırda Çində Azərbaycan Beynəlxalq Bankın kartlarının yalnız 20%-i işləyir, qalan yerlərdə isə “UnionPay” sisteminin kartları qəbul edilir.
Qeyd edək ki, ABB bu kartların emissiyasına 2015-ci ilin ilk yarısında başlamaq niyyətindədir.