Dünya Bankının proqnozlarına əsasən, 2023-cü ildə Azərbaycan iqtisadiyyatında artım dünya ilə müqayisədə 1,1 faiz bəndi, Avropa və Mərkəzi Asiya (ECA) regionu ilə müqayisədə isə 2,7 faiz bəndi daha yüksək olacaq.
“Report” xəbər verir ki, bunu Dünya Bankının 2023-cü il üçün “Qlobal İqtisadi Perspektivlər” hesabatını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Aqil Əsədov deyib.
A.Əsədovun sözlərinə görə, 2022-ci ilin iyun ayında dərc edilən proqnozla müqayisədə Azərbaycan 2023-cü ildə bütövlükdə Avropa və Mərkəzi Asiya regionunda real ÜDM-in artım dinamikasına görə 4 ölkədən biridir:
“Mövcud şəraitdə qlobal iqtisadiyyatın təzyiq altında olmasını nəzərə alaraq Dünya Bankı “Qlobal İqtisadi Perspektivlər” hesabatında 2023-cü ildə median gəlirlərin artmasına və ümumi rifah səviyyəsinin yüksəlməsinə dair bir sıra struktural addımlar tövsiyə edir. Belə ki, yeni iş yerlərinin yaradılması və istehsalın artırılması üçün daha çox investisiya qoyuluşlarının təşviq edilməsi tövsiyə olunur. Bunun üçün isə, əlverişli biznes mühiti çərçivəsində inkişafa meylli addımların atılması, o cümlədən infrastruktur layihələrinin həyata keçirilməsi üçün dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, müvafiq normativ-hüquqi bazanın formalaşdırılması, birbaşa xarici investisiyaların cəlb edilməsinə yönəlik fəaliyyətlərin genişləndirilməsinə ehtiyac duyulur.
Bunlarla yanaşı, transsərhəd ticarət əlaqələrinin şaxələndirilməsi üçün əməkdaşlığın gücləndirilməsi, çeşidli bazarlara çıxış, gömrük sazişləri kimi razılaşmalar vasitəsilə ticarətin inkişafını sürətləndirmək istiqamətində səylər də zəruri hesab olunur”.
Dünya Bankının hesabatda dünya iqtisadiyyatından gözləntilər, daha əvvəl təxmin edilən 3 %-lik artım ətrafında deyil, 1,7 %-lik yeni proqnoza əsasən qiymətləndirilir. Qeyd edilir ki, qlobal inkişaf tempindəki yavaşımalar ümumilikdə bütöv regionları əhatə edərək adambaşına düşən gəlir səviyyəsinə də öz təsirini göstərəcəkdir. Belə ki, 2023-cü ildə adambaşına düşən gəlir səviyyəsindəki artım tempinin, COVİD-19 pandemiyasından öncəki dekadan daha aşağı olacağı proqnozlaşdırılır. Həmçinin, inkişaf etməkdə olan iqtisadiyyatların ÜDM səviyyəsi, pandemiya ərəfəsində gözlənilən səviyyədən, 6 % aşağı olacaq.
Qeyd edək ki, 2022-ci ildə real ÜDM dünya üzrə 2,9 %, inkişaf etmiş iqtisadiyyatlarda 2,5 % və inkişaf etməkdə olan iqtisadiyyatlar üzrə 3,4 % artım göstərilib. Bu göstərici 2023-cü ildə inkişaf etməkdə olan iqtisadiyyatlar üzrə sabit proqnozlaşdırılsa da, dünya üzrə və inkişaf etmiş iqtisadiyyatlar üzrə müvafiq olaraq 1,7 % və 0,5 % olacağı göstərilir. Regionlar üzrə nəzər yetirdikdə, Avropa və Mərkəzi Asiya regionunda iqtisadi artım tempi Rusiyada məhsul buraxılışındakı kəskin azalma, Avropa İttifaqının enerji təchizatındakı qırılmalar, yüksək inflyasiya şəraitindən irəli gələn monetar sərtləşmə siyasətinin izlənilməsi kimi səbəblərdən 0,1 % olacağı gözlənilir. O cümlədən, Cənubi Qafqaz üzrə artım 2022-ci ildə müşahidə edilən 6,5 % səviyyəsindən 2023-cü ildə 3,3 % səviyyəsinə düşəcəkdir. Buna səbəb kimi, 2020-2021-ci illər üzrə baş verən güclü sıçrayışın zəifləməsi, avro zonadakı geriləmə və Rusiyada məhsul buraxılışının azalması göstərilir.
2022-ci il üçün Azərbaycanın ÜDM-in artımını bank 4,2 %, 2023-cü ildə isə 2,8 % səviyyəsində proqnozlaşdırır.