BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan- Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfdaşlığını gücləndirəcək platformaların perspektivləri müzakirə edilib.
“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Mikayıl Cabbarovun EBRD-nin birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşündə bildirilib.
Görüşdə Azərbaycanın COP29-da ev sahibliyi, qlobal iqlim fəaliyyətində aktiv iştirakı və EBRD ilə müxtəlif istiqamətlər üzrə uğurlu tərəfdaşlığı qeyd edilib.
Bildirilib ki, Azərbaycanın sosial-iqtisadi inkişaf hədəflərində “yaşıl iqtisadiyyat”ın təşviqi mühüm yer tutur. Görüş zamanı Bankla “yaşıl iqtisadiyyat”, bərpa olunan və alternativ enerji mənbələrindən istifadə sahəsində birgə fəaliyyətin gücləndirilməsi, dövlət-özəl tərəfdaşlığının dəstəklənməsi, infrastruktur və digər istiqamətlər üzrə layihələrin icrası məqsədilə atılacaq addımlar müzakirə edilib. Əməkdaşlığın enerji sahəsində aşağı karbonlu həllərə keçid istiqamətində şaxələndirilməsinin əhəmiyyəti qeyd edilib.
Yurgen Riqterink Bankın ölkə ilə EBRD-nin səmərəli əməkdaşlığını və COP29 çərçivəsində həyata keçirilən tədbirlərin önəmini qeyd edib. Azərbaycanın zəngin iqtisadi potensialının əlaqələrin genişlənməsi üçün perspektivlər yaratdığını və qurumun Azərbaycana dəstəyinin davamlı olacağını bildirib.
Tərəflər Azərbaycan-EBRD əlaqələrinin dayanıqlı inkişaf və səmərəli iqlim fəaliyyəti üçün faydaları, birgə layihələrin perspektivləri barədə fikir mübadiləsi aparıblar.