2022-ci ildə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 8,9% artaraq bu il yanvarın 1-nə 49 033,6 milyon ABŞ dolları təşkil edib.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, ötən il ARDNF-in büdcə gəlirləri 16 296 milyon manat, büdcə xərcləri isə 7 988,3 milyon manat olub.
İl ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 20 480,4 milyon manat, o cümlədən mənfəət neft-qazının satışından 19 698,9 milyon manat, bonus ödənişlərindən 768,7 milyon manat, tranzitdən 7,2 milyon manat, akrhesabı ödənişlərdən isə 5,6 milyon manat gəlir əldə edib, aktivlərin bazar dəyərindəki qısamüddətli dəyişkınliklərdən isə 4 184,2 milyon manat zərər edib.
Bundan başqa, ARDNF 2022-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 7 923 milyon manat transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na 22,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na isə 15,2 milyon manat yönəldib, idarəetməyə isə 27,9 milyon manat xərcləyib.
Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar xərcləri isə 1 488,4 milyon manat təşkil edib.
"IV rübdə iqtisadi proqnozlarda nikbinliyinin daha da azalması və bunun fonunda tənəzzül gözləntilərinin artması, eləcə də, ABŞ-da inflyasiya göstəricisinin nisbətən aşağı düşməsi mərkəzi bankların növbəti dövrlərdə daha yumşaq monetar siyasətə keçidinə dair ehtimalı artıb ki, bunu da investorlar müsbət siqnal kimi qarşılayıb. Belə ki, sonuncu rübdə səhm və istiqraz alətləri bazarlarında ilin digər rüblərinə nisbətən müsbət gəlirlilik müşahidə olunub.
Eyni zamanda IV rübdə ABŞ-da uçot faiz dərəcələrinin artım tempininin digər rüblərlə müqayisədə nisbətən aşağı olması və növbəti dövrlərdə tempin daha da azalması gözləntiləri, eyni zamanda Avropa Mərkəzi Bankının uçot faiz dərəcələrinin artımının daha uzun müddətdə davam edilməsinə dair planları ötən il ərzində daha çox dəyər qazanan ABŞ dollarının zəifləməsi, avronun və digər əksər valyutaların isə güclənməsi ilə nəticələnib.
2022-ci ildə beynəlxalq maliyyə bazalarında yaşananlar ARDNF-in investisiya portfelində də öz əksini tapıb. İlin əvvəlindən baş verən geosiyasi gərginlik və bunun enerji qiymətlərinə təsiri, eləcə də, mərkəzi bankların sərt monetar siyasətlərin davamlı olacağına dair bəyanatları maliyyə bazarında artan inflyasiya dərəcəsi fonunda müşahidə olunan dalğalanmaları daha da artırıb. İl ərzində mərkəzi bankların rəsmilərinin monetar siyasət ilə bağlı qarşıdakı dövrlər üzrə planlarına dair bəyanatları, eləcə də, buna təsir edən inflyasiya və əmək bazarına dair iqtisadi göstəricilər maliyyə bazarlarına təsir edən əsas amillər kimi qeydə alınıb. Belə ki, ABŞ-da inflyasiya dərəcəsi son aylarda nisbətən düşmə trendini nümayış etdirsə belə, əmək bazarının dayanlıqlı olması və bunun inflyasiya dərəcəsinə adətən müsbət təsir etməsi FED-in sərt monetar siyasətinin 2023-cü ilin əvvəlində də davam etməsinə işarə edir. Avropa və Birləşmiş Krallığa gəldikdə isə, bu regionlarda inflyasiya dərəcəsinə dair gözləntilərin hələ də kifayət qədər yüksək olması, eyni zamanda Birləşmiş Krallıqda əmək bazarında işçi qüvvəsinin çatışmazlığı mərkəzi bankların sərt monetar siyasətinin ABŞ ilə müqayisədə daha yüksək temp ilə davam etməsinə işarə edir.
Yuxarıda qeyd edilən baş vermiş hadisələr səbəbindən il ərzində neft və qaz satışından əldə olunan daxilolmalar artıb ki, bu da ARDNF-in investisiya portfelinin dəyərində öz əksini tapıb", - deyə məlumatda qeyd olunub.