"Xilasedici"nin baş məşqçisi: "Rumıniya klubuna qalib gələcəyimizə inanıram"
- 20 noyabr, 2025
- 13:19
Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandasının baş məşqçisi Cəlil Cəlilov Çelenc Kubokunun 1/32 final mərhələsində bu gün qarşılaşacaqları Rumıniyanın "Styaua" klubunu məğlub edəcəklərinə inanır.
Bunu mütəxəssis "Report"a açıqlamasında deyib.
O, heyətdə itkilər olduğunu söyləyib:
"Rəqib yaxşı komandadır. Səfərdə 0:3 hesablı məğlubiyyətə baxmayaraq, bu gün sona qədər mübarizə aparacağıq. İnanıram ki, qələbə bizim olacaq. Komandada zədəli oyunçular var. Buna baxmayaraq, mübarizə aparıb qalib gələcəyik. Çətin oyun olacaq. Çünki 3:0 və ya 3:1 hesablı qələbə lazımdır ki "qızıl set" olsun. Komandalar arasında səviyyə fərqi var. Lakin bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur. Qarşımızdakı rəqibin kimliyi və səviyyəsi önəmli deyil. Biz öz oyunumuzu oynayacağıq və qələbə üçün əlimizdən gələni edəcəyik".
Mütəxəssis Rumıniyadakı matçın nəticəsinə də toxunub:
"Rumıniyada zal fərqi də rol oynadı. Çox balaca zalda və parket meydançada oynadıq. Bu amillər də müəyyən mənada nəticəyə təsir göstərir".
Qeyd edək ki, qarşılaşma saat 18:00-da Fövqəladə Hallar Nazirliyinin idman zalında start götürəcək. Komandalar arasında baş tutan ilk görüşdə "Xilasedici" rəqibinə 0:3 hesabı ilə uduzub.