Azərbaycan Voleybol Federasiyasının prezidenti: "Ölkə çempionatları uğurlu keçdi"
- 25 aprel, 2025
- 17:24
Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov ölkə çempionatlarının uğurlu keçdiyini bildirib.
"Report"un məlumatına görə, kişi voleybolçular arasında "Murov Az Terminal" və "Azərreyl" arasında keçirilmiş ikinci final oyunundan sonra danışan qurum rəhbəri hər iki komandanın mövsüm ərzində layiqli mübarizə apardığını deyib.
Onun sözlərinə görə, bu mövsüm Azərbaycan klublarında yerli məşqçilərə də şans verilib:
"Bu gün meydanda mübarizə aparan komandaları təbrik edirəm. Ümid edirəm ki, bu cür finalları daha çox izləyəcəyik. Dövlət tərəfindən hər zaman idmana böyük qayğı göstərilir. Bunun sayəsində idmançılarımız beynəlxalq arenalarda uğurla çıxış edirlər".
Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında gerçəkləşən kişilər arasında ikinci final matçında "Murov Az Terminal"a 3:1 (25:20, 25:22, 17:25, 25:17) hesabı ilə qalib gələn "Azərreyl" titula sahib çıxıb. "Dəmiryolçular" ilk final matçında da rəqibini üstələmişdi - 3:0.
Qadınların yarışında isə "Azərreyl" ötən gün finalın ikinci matçında "Milli Aviasiya Akademiyası"nı "qızıl set"də məğlub edərək Azərbaycan çempionu olmuşdu.