Çempionlar Liqasında oynamaq çox həyəcanvericidir.
Bunu "Report"a açıqlamasında "Sabah" klubunun ABŞ-li basketbolçusu Mayk Holton deyib.
33 yaşlı oyunçu turnirin təsnifat mərhələsində qarşılaşacaqları rəqiblər barədə danışıb:
"Püşkatmada ilk rəqibin “Norrçepinq Dolfins” (İsveç) komandası olacağı bilindi. Rəqibin kimliyindən asılı olmayaraq, bu mövsüm Çempionlar Liqasında oynamaq şansının olması həyəcanvericidir. Ötən mövsüm FIBA Avropa Kubokunda beynəlxalq oyunlar keçirdik. Nəzərə almaq lazımdır ki, Çempionlar Liqasında bütün rəqiblər güclüdür".
M.Holton turnirə iddialı hazırlaşacaqlarını bildirib:
"Ötən mövsümə nisbətən bu dəfə daha iddialıyıq. Keçən il FIBA Avropa Kubokundakı rəqiblərimizin hər birinin beynəlxalq təcrübəsi var idi. Artıq yeni avrokubok oyunlarının vaxtıdır və ciddi hazırlaşırıq. Qarşılaşacağımız hər bir rəqibə diqqətlə yanaşacağıq. Bacardığımız qədər "Sabah"ı irəli aparmaq istəyirik".
Qeyd edək ki, Azərbaycan təmsilçisinin təsnifat mərhələsindəki görüşləri sentyabrın 15-22-də keçiriləcək.