Bu mövsüm sürətli, aqressiv basketbol oynayacağıq.
"Report" xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib:
Mütəxəssis komandanın yeni mövsümə hazırlığından danışıb:
"Hazırlıq prosesindən razıyam. İki yoxlama oyunu keçirdik. Oyunçuların, bütün komandanın müsbət və mənfi cəhətlərini gördük. Bu mövsüm ən gənc komandamız olacaq. Ən təcrübəli oyunçumuz 25 yaşlı Əkbər Məmmədovdur. Bütün oyunçular oynamaq üçün böyük bir istəklə gəldilər. Çox ağır çempionat gözləyirəm. Keçən mövsüm autsayderlərə qarşı matçlar da olurdu. Bu il belə olmayacaq. Hər oyun vacibdir. A qrupunda bütün komandalar güclənib, keyfiyyətli legionerlər cəlb ediblər. Yeni limit daha sürətli basketbol deməkdir".
T.Baxşıyev hədəflərin heç vaxt dəyişmədiyini söyləyib:
"Bir çox məşqçilər deyirlər ki, onların məqsədi pley –offa çıxmaqdır. Həmişə bir məqsədimiz olub – çempionluq. Komanda meydançaya çıxırsa, yalnız qələbə üçün oynamalıdır. NTD klubunda hədəflər heç vaxt dəyişməyib. Bəli, çətin olacaq. Liqada "Sabah" kimi komanda var. Onlar avrokuboklarda oynayırlar, güclü legionerlərə malikdirlər. Amma biz yalnız çempionluq üçün oynayacağıq".
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabın 18-də start veriləcək.