Bakı. 22 aprel. REPORT.AZ/ Bu gün “Neftçi” futbol klubunun muzey və fanşopunun açılış mərasimi keçirilib.
"Report"un məlumatına görə, tədbirdə AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, Peşəkar Futol Liqasının prezidenti Ramin Musayev, "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev, klub rəsmiləri, komandanın üzvləri, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Klubun muzeyi iki otaqdan ibarətdir. Muzeyi ziyarət edənlər ilk otaqda komandanın yaranma tarixi ilə tanış ola bilərlər. Burada “Neftçi”nin yaranma tarixi ilə bağlı maraqlı məlumatlar, şəkillər və həmin dövrlərə aid eksponatlar (top, buts) yer alıb. Girişdə qonaqlar klubun SSRİ çempionatlarında geyindiyi formalar və müstəqillik dövründə qazanılmış kubokları (“Birlik kuboku”, çempionluq kuboku, ölkə kuboku) görə bilərlər. 1966-cı ilə aid stenddə komandanın SSRİ çempionatında qazandığı bürünc medal, həmçinin həmin mövsüm mükafatlara layiq görülmüş əfsanəvi heyəti haqqında məlumatlar var.
İkinci otaqdakı stendlərdə xalq komandasına dövlət qayğısı, ulu öndər Heydər Əliyevin “Neftçi”nin üzvləri ilə görüşü, Prezident İlham Əliyevin komanda üzvlərini qəbul etməsi haqqında video və fotomateriallar yer alıb. Bundan başqa, qonaqlar “Neftçi”nin beynəlxalq arenadakı çıxışları barədə məlumatlana, komandanın Avropa Liqasındakı rəqiblərinin rəmzləri ilə tanış ola bilərlər. İkinci otaqda klubun strukturu və ona rəhbərlik etmiş şəxslər, eləcə də azarkeşlər haqqında guşələr yaradılıb.
Muzeyi ziyarət edən qonaqlar buradan fanşopa birbaşa daxil olurlar. Fanşopda ziyarətçilər komandanın hazırkı geyimlərini və rəmzlərini əldə etmək imkanı qazanırlar. Əlavə olaraq, “Neftçi”nin hazırkı heyəti ilə xatirə fotosu çəkdirmək də mümkündür. Tələb və təkliflər əsasında gələcəkdə klubun fanşopunda məhsul sayının və çeşidlərinin artırılması nəzərdə tutulub.
“Neftçi” PFK-nın muzey və fanşopu mayın 1-dən etibarən ictimaiyyətin ixtiyarına veriləcək. Muzey və fanşop oyun və bazar günləri istisna olmaqla, hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Muzeyə girişin qiyməti 2 AZN olacaq. 7 yaşadək uşaqların girişi ödənişsizdir.
Foto: Firi Salim