Bakı. 12 fevral. REPORT.AZ/ "Qalib gəldiyimiz üçün çox şadam. Çünki layiqli rəqiblə qarşılaşdıq". "Report"un məlumatına görə, bunu voleybolçu qadınlardan ibarət "Azəryol" komandasının lideri Yekaterina Jidkova CEV Kubokunda İtaliya "Novara"sını 3:1 hesabı ilə yendikləri Çelenc raundundakı ilk görüşdən sonra deyib.
O bildirib ki, Bakıdakı qarşılaşmada komandası 3-cü seti əldən versə də, nəticədən razıdırlar: "Çox xoşbəxtəm ki, evimizdə işi sona çatdırdıq".
Jidkovanın fikrincə, fevralın 23-də İtaliyada keçiriləcək cavab görüşü çox çətin olacaq. Lakin o, hər şeyin "Azəryol"un əlində olduğunu vurğulayıb: "İlk görüşdə lazımi nəticəni əldə etməklə, üzərimizə düşən vəzifəni yerinə yetirdik. Səfərdə bizə 2 setdən qalib ayrılmaq kifayət edəcək ki, mərhələ adlayaq. Mübarizə aparacağıq. Geriyə yol yoxdur. Sonadək mübarizə aparacağıq. Hər şey mümkündür və bizim əlimizdədir".
Qeyd edək ki, cavab görüşündə istənilən hesablı qələbədən əlavə, 2:3 hesablı məğlubiyyət də "Azəryol"u qane edir. Azərbaycan təmsilçisi 0:3 və ya 1:3 hesabı ilə uduzacağı təqdirdə, qalib "qızıl set"də müəyyənləşəcək.