İnanıram ki, bu cür yarışlar və yüksək səviyyəli təşkilatçılıq Azərbaycanın çimərlik voleyboluna böyük uğurlar qazandıracaq.
"Report" Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu sözləri çimərlik voleybolu üzrə ölkə çempionatının qalibi olan "Azərreyl-1" klubunun üzvü Larisa Smeltsova deyib.
24 yaşlı voleybolçu çempionluq təəssüratlarını bölüşüb:
“Bu il yeni qaydalarla və fərqli formatda keçirilən yarışda “Azərreyl-1" klubunda çıxış etdim. Həmçinin komanda yoldaşım da dəyişmişdi. Buna baxmayaraq, biz uğurlu çıxış etdik. "Azərreyl" klubu çimərlik voleybolunda da çempionluq seriyasını davam etdirir. Biz çempion olduq və beynəlxalq yarışda ölkəmizi təsil etmək hüququ qazandıq. Yarışın təşkilatçılığı yüksək səviyyədə idi. Hər il daha maraqlı çempionat olur. İnanıram ki, bu cür yarışlar və yüksək səviyyəli təşkilatçılıq Azərbaycanın çimərlik voleyboluna böyük uğurlar qazandıracaq".
Qeyd edək ki, ötən gün başa çatan çimərlik voleybolu üzrə Azərbaycan çempionatının finalında "Azərreyl-1" klubu “Murov Az Terminal”ı (2:0, 2:1) məğlubiyyətə uğradaraq yarışın qalibi olub.