Bakı. 21 noyabr. REPORT.AZ/ İslandiyanın paytaxtı Reykyavikdəki kişi və qadınlar arasında komandalararası Avropa çempionatında VII turun görüşləri keçirilib. "Report"un məlumatına görə, Azərbaycanın hər iki komandası qara fiqurlarla oynadığı qarşılaşmalardan heç-heçə ilə ayrılıb - 2:2.
Latviya ilə oyunda kişilərdən ibarət yığma üzvlərindən Şəhriyar Məmmədyarov Aleksey Şirovu yendiyi halda, Teymur Rəcəbov İqor Kovalenkoya uduzub. Arkadi Naydiç Artur Neyksanla, Rauf Məmmədov Tom Kantanla heç-heçə edib. Bu nəticədən sonra xalını 10-a çatdıran Azərbaycan millisi 3-cü yerdə qərarlaşıb. Rusiya 13 xalla 1-ci, Fransa 10 xalla 2-cidir. Növbəti turda ağ fiqurlarla oynayacaq Aleksandr Halifmanın kapitanı olduğu komandanın rəqibi eyni xala malik Macarıstan olacaq.
Ermənistanla qarşılaşmada isə Zeynəb Məmmədyarova Elina Danielyanı məğlub edib. Əvəzində Gülnar Məmmədova Lilit Mkrtçyana uduzub. Nərmin Kazımova Lilit Qaloyanla, Ülviyyə Fətəliyeva Mariya Kursova ilə xalları bölüb. Beləliklə, xallarını 7-yə çatdıran Azərbaycan millisi 16-cı pillədə qərarlaşıb. VIII turda qara fiqurlarla oynayacaq Fikrət Sideifzadənin komandasının rəqibi eyni xala malik Yunanıstan olacaq.
Qeyd edək ki, Avropa çempionatına noyabrın 22-də yekun vurulacaq.