Azərbaycan Həndbol Federasiyası (AHF) regionlarda fəaliyyət göstərən məşqçilər üçün ikigünlük seminar keçirib.
Federasiyadan "Report"a verilən məlumata görə, "AHF Arena"da təşkil olunan seminarda ölkənin müxtəlif rayonlarından gələn məşqçi-müəllimlər iştirak ediblər.
AHF-in idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov çıxış edərək məşqçiləri salamlayıb, federasiyanın Gənclər və İdman Nazirliyi ilə birgə iş planı barədə məlumat verərək yarış təqviminin tərtib olunduğunu diqqətə çatdırıb.
Lazım olan invertar, vəsait barədə müzakirələr aparıldıqdan sonra qarşıda duran hədəflərdən danışılıb.
Həmçinin məşqçilərə hazırlıq prosesinin gedişatını federasiyaya təqdim etmələri tapşırılıb, 2008-2010-cu il təvəllüdlü oğlanlar arasında zona yarışının martın 23-də Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcəyi bildirilib.
Seminar zamanı tədbir iştirakçıları üçün toplar və sertifikatlar təqdim olunub.
Yeni təmir olunan "AHF Arena" ilə tanışlıqdan sonra XXIX Azərbaycan çempionatının oyunları izlənilib.