Avropa çempionatı: Azərbaycan millisi qrupun son oyununda İsveçə məğlub olub
- 23 avqust, 2023
- 20:00
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında növbəti oyununu keçirib.
“Report”un məlumatına görə, Ataman Güneyligilin yetirmələri yer aldıqları C qrupunun son matçında İsveçlə qarşılaşıblar.
Yığmamız rəqibdən yalnız bir set ala bilib. Ümumi nəticədə isə isveçlilər 3:1 (25:17, 17:25, 25:21, 25:18) hesablı qələbə qazanıblar.
Digər matçda Yunanıstanı 3:0 hesabı ilə üstələyən Türkiyə millisi qrup birinciliyini təmin edib. Azərbaycan seçməsi isə 5-ci pilləyə düşüb. Millimiz yalnız bir halda qrupda dördüncü yeri tutaraq, növbəti mərhələyə adlaya bilər. Bunun üçün Çexiya son tur oyununda "quru" hesabla uduzmalıdır.
Qrup mərhələsinə avqustun 24-də keçiriləcək Çexiya – İsveç və Türkiyə - Almaniya oyunları ilə yekun vurulacaq.
| Komandalar | O | Q | M | T-F | X | |
| 1 | Türkiyə | 4 | 4 | 0 | 12-1 | 12 |
| 2 | Almaniya | 4 | 2 | 2 | 9-7 | 7 |
| 3 | İsveç | 4 | 2 | 2 | 7-8 | 5 |
| 4 | Çexiya | 4 | 2 | 2 | 7-8 | 5 |
| 5 | Azərbaycan | 5 | 2 | 3 | 8-11 | 5 |
| 6 | Yunanıstan | 5 | 1 | 4 | 5-13 | 4 |