"Araz-Naxçıvan" futzal klubunun yeni baş məşqçisi Yevgeni Kukseviç yanvarın 16-da komandaya qoşulacaq.
Bu barədə "Report"a Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
O, rusiyalı mütəxəssisin hazırda Azərbaycanda olmadığını bildirib:
"Baş məşqçimizə "Araz-Naxçıvan"ın oyunlarının videoyazılarını göndərmişik. Matçları izləyir və oyunçular barədə məlumat toplayır. Yaxın günlərdə komandadan göndəriləcək futzalçılar barədə qərar veriləcək. Hazırda 2 braziliyalı futzalçı ilə danışıqlar gedir. Ümid edirik ki, yaxın zamanda onlarla müqavilə bağlayacağıq. Təbii ki, bu məsələdə də son sözü baş məşqçimiz deyəcək".
Qeyd edək ki, "Araz-Naxçıvan" Yevgeni Kukseviçlə sonradan 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.