Beynəlxalq qarşılaşmaların Azərbaycanda keçirilməsi üçün hər zaman namizəd olacağıq.
Bu barədə "Report"a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz bildirib.
ABF rəsmisi Azərbaycanın ən təhlükəsiz ölkələrdən biri olduğunu söyləyib:
"İsraildəki mövcud durumla bağlı bu ölkənin komandaları matçlarını doğma meydanda oynamırlar. Türkiyə klubları da bu ölkənin kollektivlərini təhlükəsizlik səbəbindən qəbul edə bilmirlər. Azərbaycan və Bakı dünyanın təhlükəsiz yerlərindən biridir. Beynəlxalq qarşılaşmaların Azərbaycanda keçirilməsi üçün hər zaman namizəd olacağıq. Dünən keçirilən oyundan hər kəsin məmnun qalması da buna işarədir".
İdman direktoru FIBA Çempionlar Liqasının rəsmi şəxsləri ilə dünən baş tutan görüşlə bağlı fikirlərini bölüşüb:
"Ümumiyyətlə, FIBA Çempionlar Liqasının pley-in matçının tarixdə ilk dəfə Bakıda keçirilməsi Azərbaycan basketbolu üçün gözəl hadisədir. Rəsmi şəxslər buradakı mühitdən məmnun olduqlarını söylədilər. Yaxşı bir oyun da izlədik. Təşkilatçılıqla bağlı hər şeydən razı qaldıqlarını bildirdilər. Azərbaycan basketbolu inkişaf edir. Onlar da bu yöndə bizimlə hər mövzuda əməkdaşlığa hazır olduqlarını vurğuladılar. Çempionlar Liqası hazırda FIBA-nın ən vacib turnirlərindən hesab edilir. "Sabah" klubu bu mövsüm yarışın təsnifat mərhələsində mübarizə apardı. Qarşıdakı illərdə də təmsilçilərimiz orada yer alacaqlar. Bu yöndə də fikirlərimizi bölüşdük. Aşağı yaş qruplarından ibarət komandalarla bağlı planlarımızdan söz açdıq. Onlarla əməkdaşlığımız davam edəcək. Yenə qazanan Azərbaycan basketbolu olacaq".
Qeyd edək ki, ötən gün Bakı İdman Sarayında baş tutan FIBA Çempionlar Liqasının pley-in oyununda Türkiyənin "Aliağa Petkim Spor" komandası İsrail təmsilçisi "Hapoel Holon"u 82:81 hesabı ilə məğlub edib.