İlk səfərinə çıxmış "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus "Ro-Pax" tipli “Zərifə Əliyeva” gəmi-bərəsi bu gün səhər saatlarında Qazaxıstanın Kurık limanına çatıb.
"Report" xəbər verir ki, səfər zamanı gəmidə 25 heyət nəfəri, 43 sərnişin, 38 yük maşını və 18 minik avtomobili olub. Qayıdanda isə 25 heyət nəfəri, 53 sərnişin, 41 yük maşını ilə geri qayıdacaq
Gəminin axşam saatlarında Bakıya yola düşəcəyi və təxminən 20-22 saata çatacağı proqnozlaşdırılır.
Qeyd edək ki, “Zərifə Əliyeva” gəmi-bərəsi Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.
Daimi heyəti 30 nəfərdən ibarət unikal gəminin uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.
“Zərifə Əliyeva” gəmi-bərəsinin “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcəyi proqnozlaşdırılır.