"Son illər Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində vəziyyət kəskin dəyişib".
"Report" xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" mövzusunda konfransda bildirib.
"Təkcə ötən il ölkədə 49 min fərdi ev və 94 min mənzil üzərində mülkiyyət hüququ təsdiq edilib. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanununun qəbulu bu sahədə vəziyyəti xeyli dəyişib. Həmin qanunun icrasına başlanıldıqdan sonra 100 minə qədər ev və mənzil hüquqi aktla təmin edilib", - deyə o qeyd edib.
Bununla yanaşı, sədr deyib ki, Azərbaycanda əhalinin hər 10 min nəfərinə düşən mənzillərin sayı digər MDB ölkələrinə nisbətən azdır: "Qazaxıstanda bu rəqəm 62, Belarusda 49 olduğu halda, Azərbaycanda 2018-ci ildə 16,6 olub. Kəskin fərq mənzil və yaşayış fondlarının qeydiyyatının başa çatmaması ilə bağlıdır. Daşınmaz əmlakın qeydiyyat problemi daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub. 2011-ci ildə Bakıda keçirilmiş müşavirə və daha sonra verilən sərəncamlar buna sübutdur ".