Yeni metro vaqonları əvvəlkilərdən nə ilə fərqlənir?

Yeni metro vaqonları əvvəlkilərdən nə ilə fərqlənir? Xəbər verdiyimiz kimi sentyabrın 14-də 72 günlük fasilədən sonra Bakı metrosu yenidən öz qapılarını sərnişinlərin üzünə açıb.
İnfrastruktur
1443
15 Sentyabr , 2020 17:56
Yeni metro vaqonları əvvəlkilərdən nə ilə fərqlənir?

“Bakı Metropoliteni” QSC ötən gün xəttə buraxılmış, Rusiyanın "Transmaşholdinq" SC-nin tərkibinə daxil olan "Metrovaqonmaş” müəssisəsinin istehsalı olan 2 yeni qatarın özəlliklərini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, yeni qatarların baş vaqonları 38, orta vaqonları 44 oturacaqlıdır. Ümumilikdə baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin tutumuna malikdir. Vaqonlar arasında birbaşa keçidlər var. Bu, sərnişin salonunun 15 faiz genişlənməsinə, nəticədə daha çox sərnişin daşımağa, sərnişinlərin qatar boyunca rahat hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır.

Vaqonlarda ayaq üstə dayanan, iri yük və uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün çoxfunksiyalı zonalar, baş vaqonlarda maşinist kabinasının arxasında olmaqla əlil arabaları üçün yerlər, mobil cihazları enerji ilə yükləmək üçün USB portlar var. Salon qapıları əvvəlki nəsil vaqonları ilə müqayisədə daha enlidir. Bu isə sərnişinlərin daha sürətli minib-düşməsini təmin edir.

Ümumilikdə yeni qatar tərkibləri sərnişin təhlükəsizliyi və rahatlığı baxımından ən müasir yenilikləri, o cümlədən Bakı metropoliteninin infrastruktur tələblərini özündə ehtiva edən sistem və avadanlıqlarla təchiz olunub.

Xatırladaq ki, hazırda metronun vaqon parkı 280 vaqondan ibarətdir. Onun 75-i yeni nəsil vaqonlardır.

Ötən ilin oktyabr ayında "Bakı Metropoliteni" “Metrovaqonmaş”la yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 vaqon və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.

“Bakı Metropoliteni” QSC “Transmaşholdinq”dən 2015-ci ildə 15, 2018-cı ildə 10, 2019-cu ildə 30, 2020-ci ildə isə 20 yeni tipli vaqon alıb.

Son xəbərlər

Orphus sistemi