Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərində quruculuq işləri sürətlə həyata keçirilir.
Bunu “Report”un Ağdama ezam olunan əməkdaşına açıqlamasında rayonun Xıdırlı və Kəngərli kəndlərində davam etdirilən işlərlə bağlı məlumat verən Ağdam-Füzuli-Xocavənd rayonları üzrə Bərpa-Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib.
Onun sözlərinə görə, Xıdırlıda olduğu kimi, Kəngərli kəndində də tikinti işləri plana uyğun qaydada davam etdirilir:
“2022-ci il oktyabrın 4-də təməli qoyulan Kəngərli kəndində də quruculuq, bərpa və tikinti işləri yüksək sürətlə həyata keçirilir. Kəndin layihələndirilən ümumi ərazisi 177,2 hektardır. Burada 632 fərdi evin tikintisi planlaşdırılır. Tikintinin ilkin mərhələsində 72,55 hektar ərazi layihələndirilir və orada iki, üç, dörd və beş otaqlı 292 fərdi yaşayış evi tikilir.
Evlərin hər birində artıq torpaq, bünövrə və hörgü işləri tamamlanıb, 278-də isə xarici bəzək işləri yekunlaşıb. 94 fərdi evdə isə artıq daxili bəzək işləri başa çatıb və mebellərin quraşdırılmasına başlanılıb.
Bundan əlavə, kənddə iaşə obyektlərinin tikintisi də nəzərdə tutulur. Burada klub icma mərkəzi, çoxfunksiyalı bina, məktəb, tibb məntəqəsi, bazar kompleksi, bayraq meydanı və digər infrastruktur obyektlərinin tikintisi davam etdirilir”.
L.Sərabi rayonun Eyvazxanbəyli kəndində görülən işlər haqqında da məlumat verib:
"Eyvazxanbəyli kəndində layihələndirilən ərazinin ümumi sahəsi 299,68 hektardır və orada 1091 fərdi yaşayış evinin tikilməsi planlaşdırılır. Tikintinin ilkin mərhələsində kənddə 88,30 hektar ərazi layihələndiriləcək və həmin ərazidə 427 fərdi ev tikiləcək. İnşa ediləcək evlərin 10-nu ikimərtəbəli olacaq.
Bu kənddə də iaşə obyektləri, çoxfunksiyalı bina, mərkəzi park, məktəb, baxça və digər infrastruktur obyektləri tikiləcək”.
Ağdam rayonunun Xıdırlı kəndində hazırda 719 fərdi evin inşası davam etdirilir.
Bunu “Report”un Ağdama ezam olunan əməkdaşına açıqlamasında rayonun Xıdırlı kəndində həyata keçirilən işlərlə bağlı məlumat verən Ağdam-Füzuli-Xocavənd rayonları üzrə Bərpa-Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib.
Onun sözlərinə görə, kənddə nəzərdə tutulan işlərin birinci mərhələsində ümumi ərazinin 170 hektarı layihələndirilir:
"Ağdamda 2022-ci ilin oktyabrın 4-də təməli qoyulan Xıdırlı kəndində bərpa-tikinti-quruculuq işləri yüksək sürətlə davam etməkdədir. Ümumi sahəsi 418 hektar olan ərazinin tam layihələndirilməsi, həmin sahədə 1379 fərdi yaşayış evinin inşası planlaşdırılır. Tikintinin birinci mərhələsində 170 hektar ərazi layihələndirilir”.
L.Sərabi kənddə tikintisi davam etdirilən fərdi evlərin inşa prosesi haqda məlumat verib:
“Hazırda 719 fərdi ev tikilir. Bu evlər iki, üç, dörd və beş otaqlı olacaq. Evlərin hər birində artıq torpaq və bünövrə işləri tamamlanıb. Evlərin 643-də isə hörgü işləri, xarici və daxili bəzək işləri tamamlanıb”.
“Onu da nəzərinizə çatdıraq ki, ərazidə infrastruktur obyektlərinin inşası çərçivəsində çoxfunksiyalı bina, ailə-sağlamlıq mərkəzi, bayraq meydanı, klub, icma mərkəzi, məktəb, bağça, xalq sənətkarlıq emalatxanası, satış köşkləri və digər obyektlərin tikintisi davam etməkdədir”, - o bildirib.