Söküntüsünə başlanan "Şuşa" restoranının ərazisi park statusuna malik olmasına baxmayaraq, illər öncə özəlləşdirilib və qeyri-qanuni sənədlər əldə edilib.
Bu barədə “Report”a Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib.
Məlumata görə, sahibkara alternativ ərazidə iaşə obyekti təklif olunsa da, o, bundan imtina edib. Həmçinin parkdakı ağaclara aqrotexniki qulluq göstərilməməsi və nəticədə onların quruması, parkın ərazisində yanğın təhlükəsi yaradacaq fəaliyyətlərin göstərilməsi, nəzarətsiz tonqal qalanması, ətraf ərazilərin bərbad vəziyyətdə olması isə ətrafda yaşayan sakinlərin haqlı narazılığına gətirib çıxarırdı. Bütün bunları nəzərə alaraq, sözügedən restoran binasının sökülməsi və park ərazisinin abadlaşdırılması qərara alınıb.
İcra Hakimiyyətindən qeyd olunub ki, hazırda məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır, sahibkarın mülkiyyət hüququnun pozulması halı təsdiq olunarsa, qarşı tərəfə qanunamüvafiq kompensasiya ödəniləcək.
Sosial şəbəkədə Bakının Nərimanov rayonunda yerləşən "Şuşa" restoranının sökülməsi ilə bağlı videokadrlar paylaşılıb.