Azərbaycan və Rusiya Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində müvafiq infrastrukturun inkişafı istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparıb.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün Tviter hesabında bildirib.
"Rusiyaya səfər çərçivəsində bu ölkənin nəqliyyat naziri Vitali Savelyevlə görüşdük, ölkələrimiz arasında avtomobil nəqliyyatı, aviasiya və dəmir yolu daxil olmaqla nəqliyyat sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik", - deyə o qeyd edib.
Nazirliyin görüşlə bağlı yaydığı məlumatda isə deyilir ki, tərəflər “Rusiya-Azərbaycan dövlət sərhədindən “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) – “Samur” (Azərbaycan Respublikası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və xidmətin göstərilməsi qaydaları haqqında Saziş” layihəsinin razılaşdırılması üçün müvafiq müzakirələrin aparıldığını bildiriblər. Görüş zamanı hava nəqliyyatı sahəsində əlaqələrə toxunularaq uçuşların və istiqamətlərin sayının artırılmasının vacibliyi vurğulanıb.
Dəmir yolu nəqliyyatı sahəsində, o cümlədən Şimal-Cənub dəhlizi çərçivəsində dəmir yolu infrastrukturunun inkişafı istiqamətində əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, ötən il dəhlizlə dəmir yolu daşımalarının həcmi 481 min ton təşkil edib.
Görüşün sonunda iki ölkə arasında nəqliyyat sahəsində əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.