Radu Dinesku: “Azərbaycan Qərb və Şərqin birləşməsini təmin edəcək”
- 27 oktyabr, 2023
- 12:53
Azərbaycan nəinki öz iqtisadiyyatının ehtiyaclarını həmçinin, bütün dünyanın, Qərbin və Şərqin birləşməsini təmin edəcək.
"Report" xəbər verir ki, bu barədə Avtomobil Nəqliyyatı İttifaqının prezidenti Radu Dinesku Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) URTA Baş Assambleyasının 42-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sabah Ələt qəsəbəsində yerləşən Bakı Limanına səfər təşkil ediləcək: "Orda müasir infrastruktur imkanları yaradılıb. Ələt yükdaşımalar üçün önəmli qovşaqdır, orada çox tez bir zamanda yüklər bir nəqliyyat növündən digərinə yüklənə bilir. Bu, multimodal nəqliyyat qovşağıdır. Azərbaycan Bakı Limanı vasitəsilə çox böyük uğurlara imza atacaq".
Xatırladaq ki, 14 may 2018-ci il tarixindən Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş yeni Bakı limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir.
Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu Bakı Limanının yükaşırma həcmi hər il artır.
Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmi sürətlə artır.