Elman Ələkbərov: "Çexiya ilə oyunda qalib gəlmək şansımız var"

Futbol
  • 05 noyabr, 2026
  • 13:34
Elman Ələkbərov: Çexiya ilə oyunda qalib gəlmək şansımız var

Azərbaycanın futzal millisinin DÇ-2028-in əsas mərhələsində bu gün Çexiya ilə Lənkəranda keçiriləcək matçda qalib gəlmək şansı var.

Bunu "Report"a açıqlamasında futzal mütəxəssisi Elman Ələkbərov deyib.

O, komandanın hazırlığını və səfərdə baş tutan ilk qarşılaşmanı yüksək qiymətləndirib:

"Rəqiblə ilk matçda futzalçılar pis oynamadılar. Məşqçi Elvin Quliyev oyunu çox yaxşı qurur. Çexiya zəif komanda deyil, heyətdə 10-15 ildir birgə çıxış edən təcrübəli oyunçular yer alıblar. Azərbaycan yığmasının heyəti isə gəncləşdirilib. Təcrübələri az olsa da, futzalçılar yaxşı təsir bağışlayırlar. Mənə elə gəlir ki, Lənkəranda qalib gəlməliyik. Qələbə şansını 80-in 20-yə nisbətində görürəm".

O, gənc futzalçıların inkişafı üçün oyun təcrübəsinin vacibliyini diqqətə çatdırıb:

"Gənclərə vaxt vermək lazımdır. Yığma ildə azı 7-8 yoldaşlıq görüşü keçirməlidir ki, oyunçular təcrübə qazansınlar. Daxili çempionatda komanda sayı azdır, keyfiyyət yüksək deyil. Bu səbəbdən gənc futzalçılara diqqət ayrılmalı, onların inkişafına vəsait yatırılmalıdır. Hətta məğlubiyyət olsa belə, bunu normal qarşılamaq lazımdır".

Qeyd edək ki, Azərbaycan – Çexiya matçı bu gün, saat 16:00-da Lənkəran Olimpiya İdman Kompleksində start götürəcək.