Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Qroznı reysini icra edərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Embraer" təyyarəsində həlak olmuş şəxslərin xatirəsini yad etmək üçün Heydər Əliyev adına Beynəlxalq Aeroportunda xatirə stendi yaradılıb.
“Report” xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) məlumat yayıb.
Vətəndaşlar yaradılmış xatirə stendinin qarşısına gül qoyaraq faciə qurbanlarının xatirəsini yad edirlər.
"Embraer-190" təyyarəsinin qəzaya uğraması nəticəsində itirdiyimiz əziz insanları heç vaxt unutmayacağıq. Bu itkilər bütöv bir cəmiyyətin ürəyində yara açıb. Bu itki bizi daha həssas və bir-birimizə bağlı olmağa səsləyir. Məhz bu səbəbdən Bakı aeroportunda, Terminal 2-nin cənub girişində, quraşdırılan xatirə stendi xüsusi bir məna daşıyır. Stend hər kəs üçün açıqdır. Ziyarətçilər burada qəlblərindəki duaları, xatirələri və ehtiramlarını paylaşa bilərlər. Qəzada faciəvi şəkildə həyatlarını itirən insanların ruhları şad, xatirələri əbədi olsun”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Foto: Cavid Osmanov