Naxçıvanın tranzit qabiliyyətinin artırılması əlavə gəlir imkanı yaradır

Naxçıvanın tranzit qabiliyyətinin artırılması əlavə gəlir imkanı yaradır Türkiyənin Güney Doğu bölgəsindən Naxçıvan üzərindən Azərbaycanın qərb bölgəsinə, Qarabağa yüklərin və sərnişinlərin daşınma müddəti dəfələrlə aşağı düşə bilər.
İnfrastruktur
371
15 Yanvar , 2021 14:16
Naxçıvanın tranzit qabiliyyətinin artırılması əlavə gəlir imkanı yaradır

Uzun illər Azərbaycanla Ermənistan arasında davam edən münaqişədən dolayı sonuncunu regionda reallaşdırılan mühüm layihələrdən kənarda qoydu. Faktiki olaraq blokadada qalan Ermənistan daim dalana sıxılmış vəziyyətdə saxlandı. Lakin Qarabağ münaqişəsinin keçmişdə qalması ilə regional əməkdaşlıq üçün yeni imkanlar yarandı. Bunlardan biri Ermənistan ərazisindən keçməklə Azərbaycandan quru yolu ilə Naxçıvana oradadan da Türkiyyəyə kimi uzanan yeni nəqliyyat dəhlizlərinin açılma perspektividir. Bəs dəhlizlərin açılmasının Azərbaycan və Ermənistana hansı iqtisadi töhvələri olacaq?

Bu barədə “Report”a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, burada bizim üçün ən vacib və əhəmiyyətli olan Naxçıvanın blokadadan çıxmasıdır.

Onun sözlərinə görə, bu strateji əhəmiyyət daşıyan bir məsələdir: “Uzun müddət ərzində Naxçıvanın coğrafi blokadada qalması onun iqtisadi inkişafına da neqativ təsirlər göstərib. Naxçıvandan əsas iqtisadiyyata və əks istiqamətdə yük daşımalarında ciddi problemlər var. Bunlar biznesin xərclərini artırır. Eyni zamanda vaxt itkisinə, əlavə vəsait itkisinə səbəb olur. İran üzərindən daşımalar zamanı iki gömrük məntəqəsindən keçmə həm xərc aparandı həm də zaman itkisinə gətirib çıxarır”.

R. Həsənovun fikrincə bütün bunlar Mehri dəhlizi istifadəyə veriləcəyi təqdirdə aradan qalxacaqdır.

“Bundan sonra həm də əmək bazarları arasında çox sıx qarşılıqlı münasibətlərin formalaşması imkanı yaranacaq. Naxçıvanda əmək bazarı kiçikdir. Ola bilsin ki, bir sıra fəaliyyət sahələrində lazım olan kadrların əldə edilməsi çətin olur. Amma əsas iqtisadiyyatdan da ora kadr cəlb edilməsində problem olur. Yol açıldıqdan sonra isə təsəvvür edin ki, Naxçıvan sakini rahat şəkildə Zəngilanda, Cəbrayılda, Qubadlıda iş tapa bilər. Hətta gündəlik olaraq gəlib işləyib evinə qayıda bilər. Çünki Muxtar Respublikanın elə yeri var ki, oradan Naxçıvan şəhərinin mərkəzinə daha çox vaxt aparır nəyinki həmin tranzit yolla Qarabağ bölgəsinə daxil olmaq. Paralel olaraq əsas iqtisadiyyatdan da əsasən peşəkar kadrların Naxçıvanda iş təkliflərini qiymətləndirmək imkanları yaranacaq. Yəni nəticə etibarı ilə əmək bazarının özünün belə inteqrasiya imkanları yaranacaq.

Digər məsələ Naxçıvanın xüsusilə də İran və Türkiyyə ilə dəmir yolu infrastrukturunun əlaqələndirlməsidir. Onun tranzit ötürmə qabiliyyətinin əhəmiyyətli səviyyədə artırılması əlavə gəlir imkanı yaradır. Əgər düzgün qiymətləndirmə aparılarsa, müvafiq infrastruktur formalaşdırılarsa, biznes mühiti müəyyən qədər liberallaşarsa bu dolayısı ilə həmin bölgədə ciddi turizm potensialı da yarada bilər. Belə ki müasir turizm marşrutları kompakt elementləri özündə birləşdirir. Hər hansı bir istiqamətdə səyahət edən insanlar bir səfər çərçivəsində bir neçə ölkəni görmək istəyir. Bu mənada Türkiyə- Naxçıvan-Azərbaycanın Qarabağ və digər əraziləri üzərində turizm marşrutları hazırlamaq mümkündür. Hətta Qarabağ-Naxçıvan-İran üzərindən çox maraqlı və cəlbedici turizm marşrutları da təşkil etmək olar. Bütün bunlar Naxçıvan üçün bir iqtisadi baza formalaşdırır”,- ekspert deyib.

R.Həsənliyə görə tranzit əlaqələndirmə nəticəsində Türkiyyə ilə Azərbaycan arasındakı daşımalarda müəyyən iqtisadi mənfəətlilik və zaman itkisi ilə bağlı problemlərin həlli məsələsi gündəmə gəlir: “Artıq xüsusilə də Türkiyənin Güney Doğu bölgəsindən Naxçıvan üzərindən Azərbaycanın qərb bölgəsinə, Qarabağa yüklərin və sərnişinlərin daşınma müddəti dəfələrlə aşağı düşə bilər. Bu, iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin inkişafına şərait yaradacaq. Gələcəkdə Qarabağın bərpası ilə bağlı prosesdə böyük ehtimalla Azərbaycana dəstək verən ölkələr o cümlədən Türkiyə aktiv şəkildə iştirak edəcəkdir. Müvafiq prosesin həyata keçirilməsinin çevik şəkildə edilməsində həmin dəhlizin rolu müsbət olacaq.

Digər tərəfdən Azərbaycan demək olar ki müstəqillik dövrü ərzində bölgəni geosiyasi və qeoiqtisadi dəhlizə çevirmək kimi bir mövqe ortaya qoyub. Bu istiqamətdə də müvafiq imkanlar yaranacaq. Artıq Rusiyadan yüklər dəmir yolu vasitəsilə rahat şəkildə İran və Türkiyəyə başqa alternativlərdən istifadə etmədən çatdırıla biləcək. Eyni zamanda Naxçıvan üzərindən İranın bir çox bölgələrinə Rusiyanın məhsullarının rahat şəkildə daşınmasını təmin etmək olacaq. Bəzi məhsul növləri var ki, onlar iri həcm tutumlu deyillər və bu gün dünya təcrübəsində biznes onların daha çox avtomobil yolu ilə daşınmasına üstünlük verir. Naxçıvana həm dəmir yolu həm də avtomobil yolunun açılması nəzərdə tutulduğundan bizdə hər iki variantı həyata keçirmək imkanı olacaq. Bu da son nəticədə Azərbaycanın tranzit gəlirlərini artıracaq. Perspektivdə isə dolayısı ilə Azərbaycanın müvafiq ölkələrlə əməkdaşlıqda siyasi mövqelərini də gücləndirəcək. Proseslər Azərbaycanda məhz bu istiqamətdə inkişaf edə bilər. Bunun üçün güclü potensial var”.

Eksper hesab edir ki, konstruktiv mövqe nümayiş etdirəcəyi təqdirdə sözügedən nəqliyyat dəhlizləri Ermənistanı regionda ən şanslı ölkəyə çevirə bilər, iqtisadiyyatı üçün 20-30 % əlavə gəlir mənbəyi yaradar: “Xüsusilə dəmir yolu infrastruktrunun formalaşdırılması baxımından Ermənistanın kifayət qədər qazancları olacaq. Belə ki, Ermənistanla İran arasında dəmir yolu infrastrukturunun yaradılması ilə bağlı layihələr müzakirə olunur və onlar çox bahalı layihələrdir. Bu nöqteyi nəzərdən Mehridən keçəcək dəmir yoluna qoşulmaqla Ermənistan çox rahat şəkildə öz məhsullarını əsas ticarət tərəfdaşı olan İran bazarına çatdıra biləcək. Eyni zamanda dolayısı ilə Naxçıvan üzərindən Türkiyə bazarına oradan da hətta Avropa bazarına çıxış üçün rahat imkanlar əldə edəcək. Nəticə etibarı ilə Ermənistan yuxarıda qeyd etdiyimiz turizm marşrutlarına da daxil edilə bilər. Yəni bu dəhlizlər turizm aspektindən də onun üçün çox böyük bir bazar formalaşdıracaq. Bütövlükdə götürsək blokadadan çıxmanın özü Ermənistan iqtisadiyyatının xüsusilə də ticarətin inkişafı üçün bu prosesdə iştirak edən sahibkarlıq subyektlərinin xərclərinə qənaət baxımından, prosesin özündə mənfəət normasının artması baxımından çox böyük imkanlar yaradacaq”.

Son xəbərlər

Orphus sistemi