Metropoliten: "Köhnə vaqonlara kondisioner quraşdırmaq yeni vaqon almaq qiymətinə başa gəlir"

Metropoliten: "Köhnə vaqonlara kondisioner quraşdırmaq yeni vaqon almaq qiymətinə başa gəlir" Son zamanlar Bakı metrosunda olan köhnə qatarlarda kondisioner quraşdırılması ilə bağlı müzakirələr aparılır.
İnfrastruktur
13 Sentyabr , 2021 15:23
Metropoliten: Köhnə vaqonlara kondisioner quraşdırmaq yeni vaqon almaq qiymətinə başa gəlir

Son zamanlar Bakı metrosunda olan köhnə qatarlarda kondisioner quraşdırılması ilə bağlı müzakirələr aparılır.

“Report”un özəl mənbələrdən əldə etdiyi məlumata görə, bununla bağlı qurum bir sıra ölkələrlə danışıqlar aparıb və həmin ölkələrin mütəxəssisləri Azərbaycanda metro vaqonlarına baxış keçirərək onlara havalandırma sistemlərinin quraşdırılmasının mümkün olub-olmamasını dəqiqləşdirib.

Mənbənin sözlərinə görə, əsas problem kondisionerin çöl cihazı ilə bağlı olub:

“Biz köhnə qatarlara kondisioner quraşdırmaq üçün ətraflı yoxlamalar aparmışıq. Əsas problem kondisionerin çöl cihazı ilə bağlı oldu. Bilmədik o cihazı hara yerləşdirək. Kondisionerin cihazının yerləşdirmək üçün təklif olunan yerlərin heç biri mütəxəssislər tərəfindən uyğun bilinmədi.

Qatarın altında akkumulyatorlar var. Onların yanına yerləşdirmək istədik. Amma qabaritlər imkan vermədi. Oturacaqların bəzilərinin altında mexanizm var. Bəziləri isə boşdur. İstədik ora qoyaq. Ona da Fövqəladə Hallar Nazirliyi icazə vermədi. Dedilər yanğın təhlükəsi var.

Fikirləşdik ki, qatarların üstünə qoyaq. Buna da hündürlük məsələsi çıxdı, yəni yenə də qabaritlər imkan vermədi. Bir sözlə bu məsələ ilə bağlı çox götür-qoy etdik. Hətta fikirləşdik ki, maşinist kabinəsinə qoyaq və xüsusi şlanqlarla vaqonlara çəkək. Bu variant da alınmadı.

Biz almanları dəvət etmişdik və bütün bu variantları onlarla müzakirə etdik və gördük ki, bu qatarlar elə vəziyyətdədir ora kondisioner qoymaq olmaz. Yalnız kiçik həcmli kondisioner yerləşdirmək mümkündür, onun da effekti yoxdur. Pulu elə-belə çölə niyə ataq? Ona görə qərara gəldik ki, köhnə qatarların istismar müddəti bitdikcə onlar sıradan çıxsın və təzə kondisionerli qatarlar alaq”, - deyə mənbə qeyd edib.

Məsələnin aktuallığını nəzərə alaraq “Bakı Metropoliteni” QSC-yə sorğu verdik. Qurumdan cavab olaraq bildirildi ki, köhnə qatarların kondisioner sistemi ilə təchiz edilməsi mövzusunda geniş araşdırmalar aparılıb:

“Bakı Metropoliteni” QSC yaradıldıqdan sonra həqiqətən 81-717/714 tipli vaqonlardan ibarət qatarların kondisioner sistemi ilə təchiz edilməsi mövzusunda geniş araşdırmalar aparılıb. İlk növbədə, vaqon istehsalçısı olan “Metrovaqonmaş” Səhmdar Cəmiyyəti ilə məsələ geniş müzakirə edilib, texniki təhlillər aparılıb. Eyni zamanda, dünya təcrübəsi də ətraflı şəkildə öyrənilib, daxil olmuş müraciətlərə, təkliflərə xüsusi yanaşılıb. Lakin yekun olaraq, qeyd edilən vaqonlarda kondisioner sisteminin quraşdırılmasının texniki cəhətdən mürəkkəb, faktiki olaraq, qeyri-real və səmərəsiz məsələ olması müəyyənləşdirilib.

İlk növbədə, bu proses yeni vaqon istehsalına bərabər olduğundan səmərəsizdir. Çünki bu tip vaqonların konstruksiyası əlavə yüklərin quraşdırılması üçün nəzərdə tutulmayıb. Kondisioner sisteminin quraşdırılması və onun bütün vaqon boyunca effektiv işləməsini təmin etmək üçün vaqonlarda mütləq şəkildə əsaslı konstruktiv dəyişikliklər edilməli, başqa sözlə, vaqon tamamilə sökülərək, gövdə elementləri müvafiq qaydada gücləndirilməli, daha sonra yeni layihə əsasında yığılmalıdır. Bu zaman həmçinin tam hermetiklik təmin edilməli, təhlükəsizlik, o cümlədən texniki, yanğın təhlükəsizliyi və kifayət qədər çoxsaylı digər məsələlər, mühəndis-texniki araşdırmalar, istehsal prosesinin təşkilinə bərabər olan bir çox təşkilati vəzifələr norma və qaydaların tələbləri əsasında həllini tapmalıdır. Xüsusən bütün qeyd edilənlərin yerli şəraitdə aparılması qeyri-mümkündür. Bütün təkliflər də nəzərə alınmaqla, istehsalçı müəssisə ilə aparılan texniki, iqtisadi araşdırmalar, vaqonların istismar müddəti ilə bağlı müqayisəli təhlilləri də məsələnin faydasızlığını təsdiq edib. Bununla bağlı istehsalçı müəssisə “Bakı Metropoliteni” QSC-yə müvafiq rəy göndərib və vaqonlarda konstruktiv dəyişikliyin qeyri-mümkünlüyünü bildirib".

Açıqlamada deyilir ki, “Bakı Metropoliteni” QSC vaqonların əsaslı təmiri sexini inşa edərək, metropoliten tarixində ilk dəfə 2017-ci ildən orta və əsaslı təmir, habelə vaqonların modernləşdirilməsi kimi mühüm bir sahənin yerli şəraitdə inkişafına zəmin yaradıb: "Bu gələcəkdə ölkəmizdə vaqon istehsalı sahəsinin yaradılmasına, onun inkişafına xüsusi töhfə olacaq. Hazırda metropolitendə cari, orta və əsaslı təmir edilən vaqonlarda müasir texnoloji yeniliklər, o cümlədən orta və əsaslı təmir zamanı qatarların modernləşdirilərək avtomatlaşdırılması istqamətində mühüm işlər yerinə yetirilir. Bununla xətlərdən nasazlıq səbəbilə elektrik deposuna göndərilən qatarlar əsaslı şəkildə azaldılıb. Eyni zamanda bununla vaqonların texniki üstünlükləri kifayət qədər artırılıb və beləliklə, qatarların istismar və qulluq şərtləri daha asanlaşıb. Nəticədə, qatarların istismar məhsuldarlığı və səmərəsi əsaslı şəkildə yüksəldilib”.

Qeyd edək ki, hazırda “Bakı metropoliteni”nin qatar parkında 56 qatar var və onların yalnız 19-u kondisioneri olan yeni nəsil qatarlardır.

Son xəbərlər

Orphus sistemi