"Rusiya-Ukrayna müharibəsi səbəbilə Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizi (TRACECA) vasitəsilə Mərkəzi Asiyadan Avropaya yükdaşımalarda böyük problemlər yaranıb".
Bunu “Report”a açıqlamasında TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov deyib.
R.Bayramov Azərbaycan üzərindən yükdaşımaların kəskin artacağını istisna etməyib:
“Mərkəzi Asiyadan Avropaya Rusiya üzərindən daşınan yüklərin təqribən 10 %-ə qədərinin Azərbaycan, Qazaxıstan və Gürcüstan üzərindən keçəcəyi ehtimal olunur. Bu isə Azərbaycan üzərindən yükdaşımaların ən azı 5-6 dəfə artması deməkdir. Orta Asiya, Azərbaycan və Gürcüstan üzərindən yükdaşımalarda 150 min konteynerə qədər artım gözlənilir. Həmçinin bu marşrutla Orta Asiyadan əlavə 35 minə yaxın avtomobillə yükdaşıma nəzərdə tutulur. Bunun səbəbi Rusiya və Ukrayna üzərindən daşımaların azalmasıdır. Çinin daşıma şirkətləri və digər beynəlxalq yükdaşıyıcıların çoxu hələ ki, Rusiya üzərindən daşımalardan çəkinir. Nəticədə diqqət bizim marşruta yönəlib. Bu məsələ Orta Asiya, Azərbaycan, Türkiyə və Gürcüstan üzərindən yükdaşımaların kəskin artımına və müəyyən gərginliyin yaranmasına gətirəcək. Çünki bu həcmdə yükü qəbul etməyə hələ ki, tam hazır deyilik. Amma mövcud infrastrukturun imkan verdiyi həddə qeyd etdiyim marşrut üzrə yükdaşımalar artacaq”.
R.Bayramov bildirib ki, hazırda dəhliz ölkələri infrastrukturun genişlənməsini müzakirə edir:
“Dəhliz ölkələri arasında infrastrukturun hazır olması, gəmilərin kifayət qədər olması, konteyner yükdaşımalarının həyata keçirilməsi üçün müvafiq prosedurların aparılması ilə bağlı müəyyən məsləhətləşmələr gedir. Eyni zamanda Qazaxıstan, Azərbaycan, Türkiyə və Gürcüstan birgə şirkətin yaradılmasına maraq göstərir. İndi bu məsələ üzərində çalışmalar gedir. Şirkət bu ölkələr üzərindən keçən yükdaşımanın həcmini emal etmək, tarifləri müəyyən etmək, gömrük və digər sahələrlə bağlı məsələləri operativ həll etmək məqsədilə yaradılır. Onun strukturu barədə hələ ki, konkret razılıq yoxdur. Belə bir idarəedici şirkətin yaradılması ilə bağlı yalnız konseptual razılıq var”.
Ötən ildən Çindən Avropaya yükdaşımalarda ləngimələr müşahidə edilirdi. Müsahibimiz bu problemin hələ də yaşandığını qeyd edib:
“Çində pandemiya ilə əlaqədar bir sıra limanlar fəaliyyətini dayandırıb, bəzisi isə məhdudlaşdırıb. Bir sıra Avropa limanlarında da rus gəmiləri qəbul olunmur. Bu da yükdaşımalarına öz təsirini göstərib. Digər tərəfdən yükdaşımalarda konteyner çatışmazlığı da var ki, bunun aradan qaldırılması üçün işlər görülür. Beynəlxalq yükdaşıma zəncirində yaranan problemlər qiymətləri də artırıb”.
R.Bayramov əlavə edib ki, bu il TRACECA dəhlizi üzrə "Qlobal Tranzit Sənədi" layihəsinin reallaşdırılması nəzərdə tutulurdu: "İlkin olaraq aprel ayında pilot layihənin həyata keçirilməsini planlaşdırırdıq. Rumıniyadan Orta Asiya, yaxud əksinə, Orta Asiyadan Avropaya test rejimində TRACECA qatarı yola düşməli idi. Lakin Ukrayna TRACECA-ya üzv ölkə olduğuna görə hələ ki, bu layihə təxirə salınıb".
Xatırladaq ki, Avropa İttifaqının TRACECA - “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib. TRACECA Proqramı Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqillik qazanmış dövlətlərinin nəqliyyat infrastrukturunun bərpasına yardım göstərilməsi, Avropa və Asiyanı birləşdirən ən qısa nəqliyyat dəhlizinin yaradılması və bununla regionun Qərbə inteqrasiyası, həmçinin bu dövlətlərin iqtisadiyyatlarının dirçəldilməsinə və inkişafına yönəldilmiş Avropa İttifaqı proqramlarının reallaşdırılmasına xidmət edən etibarlı nəqliyyat sisteminin qurulması məqsədini daşıyır.