Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
- 16 noyabr, 2026
- 03:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Rəsmi Moskva artıq Gürcüstanın Baş nazirinin Rusiya ilə münasibətlər üzrə yeni xüsusi nümayəndəsi Georgi Zurabaşvili ilə əlaqə qurub.
"Report"un xəbərinə görə, bu barədə "İzvestiya" qəzeti Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
"Georgi Zurabaşvili ilə əlaqə qurmuşuq. Onun rusiyalı həmkarı müəyyən edilib - xarici işlər nazirinin Cənubi Qafqaza nəzarət edən müavini Mixail Qaluzin. Rusiya Gürcüstanla praqmatik və qarşılıqlı faydalı münasibətlərin qurulmasını daim dəstəkləyir", - nazirlik nəşrə izah edib.
Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, danışıqları aparanlar ticarətin, turizmin, nəqliyyat əlaqələrinin və mədəni mübadilələrin genişləndirilməsi kimi praktik məsələlərə diqqət yetirəcəklər. Artıq bir sıra sahələrdə işlər gedir: məsələn, aqrar qurumlarının nümayəndələri kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünü sadələşdirməyə çalışırlar.
Xatırladaq ki, Gürcüstan hakimiyyəti oktyabrın sonunda Rusiya ilə münasibətlər üzrə yeni xüsusi nümayəndə - xarici işlər nazirinin birinci müavini Georgi Zurabaşvilini təyin edib.