“Su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üzrə relyefə uyğun su anbarının yaradılması çərçivəsində texniki-iqtisadi əsaslandırmalar və layihə sənədləri hazır olan Yengicə su anbarı üzrə ekspert qiymətləndirməsinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.
Ş.Mustafayevin sözlərinə görə, eyni zamanda, Əlicançay su anbarı üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işlərinin cari ilin ikinci yarısında yekunlaşdırılması, beləliklə, su anbarının tikintisi məsələsinə baxılması nəzərdə tutulub:
“Cənab Prezident, beləliklə, iki anbar üzrə bu ilin ikinci yarısında müvafiq əsaslandırma təqdim olunandan sonra bu il ərzində tikinti məsələlərinə baxılması artıq reallaşır.
Ölkə üzrə su anbarlarının lillənmə səviyyəsi araşdırılıb və Pirsaatçay su anbarı nümunəsində anbarların lildən təmizlənməsi imkanlarına dair təkliflər hazırlanır. Ölkədə üç lillənmiş su anbarı var: Pirsaatçay, Borqarçay və Şəki rayonu ərazisindəki su anbarları. Bunları araşdırmaq üçün lazımi qüvvələri cəlb etmişik və onların yenidən istifadə imkanları peşəkar səviyyədə araşdırılaraq təqdim olunacaq.
Neftçala şəhərinin içməli su təchizatı ilə bağlı şəhərə qədər uzunluğu 40 kilometr olan magistral su kəmərinin tikintisi başa çatdırılmış və 2020-ci ilin noyabr ayından içməli suyun verilməsi təmin edilib. İkinci Bakı su kəmərinin və Oğuz-Qəbələ-Bakı su kəmərinin məhsuldarlığının artırılması ilə bağlı texniki-iqtisadi əsaslandırmalar yekunlaşdırılmış, layihələrin ətraf mühitə təsiri qiymətləndirilmiş, layihə sənədləri hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Ötən ilin avqust ayında keçirilən monitorinqlər zamanı regionlarda quraşdırılmış 460 modul tipli sutəmizləyici qurğudan 66 qurğunun suyunun lilli olması, mənbədə suyun olmaması, dəniz suyunun Kür çayına qarışması və yaşayış məntəqələrində suya tələbatın mərkəzləşmiş şəbəkədən ödənilməsi kimi səbəblərdən fəaliyyətinin dayanması aşkar edilib. Əhalinin içməli su ilə təmin olunması məqsədilə modul tipli sutəmizləyici qurğuların fəaliyyətinin yaxşılaşdırılması üçün tədbirlər planı hazırlanıb. Ölkənin əsas hidroqovşaqlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Nazirlər Kabinetinin sərəncamı ilə komissiyanın nəzdində Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi ilə işçi qrupu yaradılıb və qaldırılan məsələlərə işçi qrupu çərçivəsində baxılması nəzərdə tutulur”.
Baş Nazirinin müavini qeyd edib ki, Mingəçevir su anbarında Yuxarı Qarabağ kanalının baş suqəbuledici qurğusunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinə müvafiq vəsait ayrılıb, suqəbuledici qurğuda mühəndis tədbirlərinin həyata keçirilməsinə başlanıb:
“Antropogen təsirlər nəticəsində formalaşan sututarların suyundan istifadə məqsədilə aparılmış monitorinqlər zamanı ümumi həcmi 122 milyon kubmetr olan 43 ədəd sututar müəyyən edilmişdir. Götürülmüş su nümunələri 40 ədəd sututarın suvarma və texniki məqsədlər üçün yararlı olduğunu göstərib. İmişli rayonundakı belə göllərdən istifadə məqsədilə nasos stansiyası quraşdırılmış və su Baş Muğan kanalına verilməyə başlanmışdır. Kanala ötürülən su hesabına üç rayonda - İmişli, Saatlı, Sabirabadda 5 min hektardan çox əkin sahəsinin suvarılması mümkün olub.
Suyun mənbədən götürülməsindən son istehlakçıyadək bütün mərhələlər üzrə uçotun və dəqiq qiymətləndirmənin aparılması vacib məsələ kimi qarşımızda dayanır. Hazırda aidiyyəti qurumlar tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq su və su təsərrüfatı obyektlərində nəzarətdənkənar istifadənin aradan qaldırılması, inventarlaşdırmanın aparılması, uçotun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülür.
Möhtərəm cənab Prezident, ilk növbədə, Kür çayı boyunca və digər su hövzələrində monitorinqlər aparılıb, yüzlərlə belə nəzarətdənkənar qoşulmalar aşkarlanıb. Bunların böyük hissəsi aradan qaldırılır, amma bu iş davam edir və hesab edirəm ki, davamlı aparılmalıdır. İtkilərin azaldılması üçün nəzarətdənkənar, uçotdankənar istehlakın qarşısı birmənalı alınmalıdır. Əsas su və su təsərrüfatları obyektlərində aidiyyəti qurumlar tərəfindən 25 ədəd müasir ölçmə cihazı quraşdırılıb, əlavə 31 cihaz quraşdırılacaq. Cənab Prezident, Mingəçevir gölünə tökülən suya və çıxan suya artıq müasir cihazlarla nəzarət olunur, uçot müasir cihazlar vasitəsilə aparılır. Bu ayın sonunadək bizim bütün su anbarlarımızda, çaylarımızda müasir cihazların quraşdırılması başa çatdırılacaq və biz dəqiq uçota malik olacağıq. Eyni zamanda, bu cihazlar birbaşa elektron su təsərrüfat sisteminə birləşərək insan amili də aradan qaldırılacaq və biz dəqiq biləcəyik ki, harada nə qədər su axır və hansı hallarda nə qədər suyumuz var.
Möhtərəm cənab Prezident, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı görülən işlər barədə geniş hesabat hazırdır və yaxın günlərdə daha geniş formatda Sizə təqdim olunacaq”.