“Şuşa və Ağdama müntəzəm avtobus reyslərinin açılması potensial investorlara regionun iqtisadi potensialını dəyərləndirmək imkanı verəcək”.
Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində qısa zaman kəsiyində mümkünsüz görünənləri reallaşdıra bilib: “İşğaldan azad olunmuş torpaqların bərpası ölkə başçısı tərəfindən ele ilk gündən prioritet olaraq müəyyən olundu. Bundan dərhal sonra həmin ərazilərdə intensivlik baxımından bu günə kimi misli görülməyən yenidənqurma işlərinə start verildi. Burada vacib məqam nəqliyyat-kommunikasiya infrastrukturunun bərpası idi. Yeni yolların salınması, mövcud olanların bərpası, hava limanlarının tikintisi istiqamətində genişmiqyaslı işlər görüldü və bu gün də görülməkdədir. Nəticədə ötən ilin noyabrında Füzuliylə Şuşanı birləşdirən “Zəfər yolu” istismara verildi, yeni tikilən Füzuli hava limanı artıq hava gəmilərini, o cümlədən xaricdən gələn təyyarələri gəbul edir. Son olaraq İran nümayəndə heyətini Azərbaycana gətirən təyyarə Tehrandan birbaşa olaraq Füzuli hava limanına eniş etdi”.
Ekspert hesab edir ki, həmin ərazilərə müntəzəm avtobus reyslərinin açılması birmənalı şəkildə bir sıra iqtisadi dividendlər vəd edir: “Əvvəlla insanların ata-baba yurdlarını, əjdadlarının uyuduğu torpaqları görmək istəyini nəzərə alsaq, həmin reyslərə yüksək tələbatın olacağını demək olar. Nəqliyyat sektorunun rəqəmsallaşması sahəsində aparılmış işlərin nəticəsi olaraq sərnişinlər bu gün biletləri evdən çıxmadan onlayn formada sifariş etmək imkanına malikdirlər. Bu, biletlərin əlçatanlığını artırmaqla satışların həcminə müsbət mənada təsir edə bilər. Eyni zamanda burada müştəri məmnunluğu da vacibdir. Belə ki, səfərlər komfortlu və təhlükəsiz səyahəti təmin edən avtobuslarla həyata keçirilir ki, bu da tələbin stimullaşdırılması baxımından əhəmiyyətli olacaq. Bütün bu faktorların həmin marşrutlar üzrə sərnişindaşımının rentabeliliyinə böyük töhfəsi ola bilər. Bu gün Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlərinin tempini nəzərə alsaq yaxın gələcəkdə belə səfərlərin arealının xeyli genişlənəcəyini ehtimal etmək olar. Bu isə potensial investorlara Qarabağın iqtisadi potensialının qiymətləndirilməsi üçün geniş imkanlar verəcək”.
Qeyd edək ki, bu il yanvarın 24-dən etibarən Şuşa və Ağdama müntəzəm avtobus reyslərinin təşkilinə başlanıb. Bakı ilə yanaşı, Füzuli və Bərdədən həyata keçiriləcək səfərlərdə iştirak etmək istəyənlər biletləri
Xatırladaq ki, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə avtobus reysləri olacaq. Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti 5 manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beynəlxalq Hava Limanı üzrə isə biletin qiyməti 6 manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar.
Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saatdır. Şuşa və Ağdamda ziyarət üçün 2 saat yarım vaxt ayrılır.