“Azərbaycan Dəmir Yolları” QSC Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə 21, 23 və 24 aprel tarixlərinə əlavə reyslər təyin edib.
Bu barədə "Report"a ADY-dən bildirilib.
Belə ki, 21 aprel tarixində Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslə səhər saat 07:50-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar saat 12:45-də mənzil başına çatacaq.
Eyni zamanda 23-24 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilib. Belə ki, müvafiq tarixlərdə Bakıdan saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. Əks istiqamətdə Ağstafadan saat 15:30-da Bakıya yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.
Bakı-Ağstafa-Bakı marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətili günləri və bayramın sonunda hər iki istiqamətə rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, tələbat müvafiq qaydada təmin ediləcək.