Bu ilin I yarısında Azərbaycanda 39 093 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % çoxdur.
Hesabat dövründə ölkədə girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edib. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzil olub. Belə ki, 6 ayda 21 780 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Dövr ərzində girov qoyulmuş ümumi 39 093 əmlakdan 8 171-i torpaq sahəsinin, 5 623-ü isə fərdi yaşayış evinin payına düşüb.
İlin ilk yarısında Bakıda ümumilikdə 20 093 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 51,4 %-ni təşkil edib. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (5 471 müqavilə), 2 saylı Sumqayıt (2 060 müqavilə), 5 saylı Xaçmaz (2 026 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (1 773 müqavilə) aparılıb.
Hesabat dövründə ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıt olub. Girov qoyulan mənzillərin 93 %-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (4 müqavilə), 14 saylı Şamaxı (12 müqavilə) və 18 saylı Zaqatala (15 müqavilə) ərazi idarələri olub.
Girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də Bakı ilk yeri tutub. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunub. Belə ki, bölgələrdə fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin əhatə etdiyi rayonlar olub.
Bu dövrdə ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında isə ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 9 saylı Qəbələ və 1 saylı Bakı ərazi idarələri tamamlayıb. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (98 müqavilə) və 16 saylı Ucar (127 müqavilə) ərazi idarələrinin əhatə etdiyi rayonlar olub.