Azərbaycan Rusiyanın Həştərxan vilayəti ilə gəmi istehsalı sahəsində birgə layihələr hazırlayacaq.
Bu barədə “Report” vilayət hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edilir ki, birgə layihələrin həyata keçirilməsi vilayətin qubernatoru İqor Babuşkinlə Azərbaycan nümayəndə heyəti arasında Həştərxanda baş tutan işgüzar görüşdə məlum olub.
“Turizm baxımından Böyük Pyotr kruiz laynerinə böyük ümidlər bəsləyirik. Ümid edirik ki, yaya qədər gəmi tam olaraq reydə çıxa biləcək və kruizin flaqmanı olacaq. Xəzəryanı ölkələrdən olan həmkarlar Xəzər dənizi üzərindən kruiz xətlərinin təşkilinə böyük maraq göstərirlər. Çox istərdik ki, bu istiqamət tam hüquqlu bir layihəyə çevrilsin”, - vilayətin qubernatoru İqor Babuşkin deyib.
Məlumata görə, tərəflər hazırda ikitərəfli əməkdaşlıq üzrə danışıqların aktiv mərhələsinə keçiblər.