Azərbaycan Orta Dəhlizi Avrasiyanın logistika və sənaye mərkəzinə çevirmək istəyir
- 23 noyabr, 2026
- 13:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan hökuməti Orta Dəhlizi Avrasiyanın logistika və sənaye mərkəzinə çevirməyi hədəfləyir.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti şöbəsinin müdiri Fariz Əliyev Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan Orta Dəhlizin gələcəyini sadəcə tranzit marşrutu kimi deyil, Avrasiya ticarətinin əsas dayağına çevriləcək inteqrasiya olunmuş, yüksək əlavə dəyər yaradan və intellektual iqtisadi dəhliz kimi görür: "İlk növbədə, bu baxış hökumətimizin ən yüksək səviyyəsində sarsılmaz siyasi iradə ilə dəstəklənir. Orta Dəhlizin inkişafı Azərbaycanın milli iqtisadi strategiyasının əsas sütunlarından biridir. Buna görə də bu istiqamət yalnız bir nazirliyin və yaxud qurumun gündəliyi ilə məhdudlaşmır. O, xarici siyasətimizin də tərkib hissəsidir. Ölkəmizi qabaqcıl Avrasiya logistika və sənaye mərkəzinə çevirmək məqsədilə bütün aidiyyəti dövlət qurumları bu prosesə səfərbər olunub".
"Qlobal təchizat zəncirlərində müşahidə olunan misli görünməmiş pozuntular fonunda Orta Dəhliz alternativ marşrut olmaqdan çıxaraq strateji baxımdan həyati əhəmiyyətli nəqliyyat xəttinə çevrilib. Bu dəhliz Asiya ilə Avropa arasında daha sürətli, şaxələndirilmiş və dayanıqlı əlaqə imkanı yaradır. Dünya Bankının Trans-Xəzər Nəqliyyat Dəhlizi ilə bağlı son qiymətləndirməsi də göstərir ki, əlaqələndirilmiş investisiyalar və ticarətin asanlaşdırılması 2030-cu ilə qədər bu marşrut üzrə ticarət həcmini üç dəfədən çox artıra, eyni zamanda tranzit müddətini əhəmiyyətli dərəcədə azalda bilər", - deyə nazirlik rəsmisi əlavə edib.
Bundan başqa, şöbə müdiri deyib ki, Azərbaycan Orta Dəhlizlə daşınan yüklərə sənaye və logistik dəyər əlavə etmək istəyir: "Hazırkı mərhələdə məsələ artıq Orta Dəhlizin potensialının olub-olmamasında deyil, onun keyfiyyətini necə yüksəltməyimizdədir. Azərbaycan üçün tranzit həcmi artıq yeganə uğur meyarı deyil. Yeni meyarımız həm Azərbaycan, həm də qlobal tərəfdaşlarımız üçün təchizat zənciri boyunca yaradılan əlavə dəyərdir. Biz təkcə yük daşımaq istəmirik. Məqsədimiz yükləri qəbul etmək, emal etmək, onlara sənaye-logistik dəyər əlavə etmək, daha sonra hazır məhsulları regional və beynəlxalq bazarlara ixrac etməkdir".
"Bu baxış dəmir yolları, avtomobil yolları, limanlar və Xəzər ticarət donanmamız üzrə davamlı strateji investisiyalara əsaslanır. Eşitdiyiniz kimi, ölkənin tranzit potensialının inkişafı üçün 2027–2030-cu illəri əhatə edən dəqiq və hərtərəfli planımız var. Bu plan infrastrukturun ötürücülük qabiliyyətinin artırılmasından və donanmanın genişləndirilməsindən tutmuş hüquqi bazanın təkmilləşdirilməsinə, prosedurların beynəlxalq standartlara uyğunlaşdırılmasına, eləcə də dəhliz boyunca tərəfdaşlarımızla uzlaşdırılmasına qədər müxtəlif istiqamətləri əhatə edir", - deyə F.Əliyev əlavə edib.