Azərbaycan gömrükçüləri təcrübələrini özbəkistanlı həmkarları ilə bölüşüb

Azərbaycan gömrükçüləri təcrübələrini özbəkistanlı həmkarları ilə bölüşüb Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları gömrük işinin müxtəlif sahələri üzrə əldə etdikləri qabaqcıl təcrübəni özbəkistanlı həmkarları ilə bölüşüblər.
İnfrastruktur
5 Avqust , 2021 11:50
Azərbaycan gömrükçüləri təcrübələrini özbəkistanlı həmkarları ilə bölüşüb

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları gömrük işinin müxtəlif sahələri üzrə əldə etdikləri qabaqcıl təcrübəni özbəkistanlı həmkarları ilə bölüşüblər.

“Report”un komitəyə istinadən verdiyi məlumata görə, bu məqsədlə hər iki ölkənin gömrük əməkdaşları arasında onlayn formatda görüş keçirilib.

Görüşdə DGK Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də səmərəli və işgüzar münasibətlərin qurulduğunu bildirib. İdarə rəisi bu tədbirin də əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin inkişafına töhfə verəcəyini vurğulayıb.

Tədbirdə Azərbaycan gömrüyünün informasiya texnologiyalarının tətbiqi, sərhədkeçmə prosesləri, gömrük nəzarətinin təşkili və digər sahələrdə əldə etdiyi qabaqcıl təcrübə barədə təqdimatlar keçirilib, son illər tətbiq edilən layihələr barədə məlumat verilib.

DGK Rəqəmsal Gömrük İnzibatçılığı İdarəsinin rəisi Rauf Quliyev Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin iş prinsipi, sərhədkeçmə proseslərində informasiya texnologiyalarının tətbiqi, gömrük nəzarətinin asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə reallaşdırılan yeniliklər, "E-növbə" və "Sürətli keçid" layihələri barədə özbəkistanlı həmkarlarını məlumatlandırıb.

DGK Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin əməkdaşı Emin İsmayılov isə "Gömrük-sərhəd keçid məntəqələrində tətbiq edilən gömrük prosedurları və əməliyyatları" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda nəqliyyat vasitələrinin sərhədkeçmə prosesləri, gömrük-sərhəd keçid məntəqələrində tətbiq edilən yeniliklər, sanitar, fitosanitar nəzarət tədbirləri, "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququnun əldə olunması qaydaları, sistemin həm gömrük xidməti, həm də xarici ticarət iştirakçıları üçün faydalarından bəhs edilib.

Sonda Özbəkistan gömrük xidməti əməkdaşlarının sualları cavablandırılıb və təcrübə mübadiləsi, əməkdaşlığın gücləndirilməsi baxımından belə görüşlərin davamlı şəkildə keçirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi