"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) “Capital Maritime and Trading Corp” gəmiçilik şirkətinin istismarında olan məhdudiyyətsiz üzmə imkanlarına malik “Aframax” tipli növbəti tankeri donanmasına daxil edib.
"Report" bu barədə ASCO-ya istinadən xəbər verir.
Məlumata görə, tankerin təhvil-təslimi ilə bağlı ASCO və “Capital Maritime and Trading Corp” şirkətinin nümayəndələri arasında müvafiq sənədlər imzalanıb.
Yeni qəbul edilən tankerin yükgötürmə qabiliyyəti (dedveyti) 115,500 ton, uzunluğu 249,95 metr, eni 44 metr, bortunun hündürlüyü 21,2 metrdir. Sürəti 16 uzelə çatan gəmi neft və neft məhsullarının təhlükəsiz və səmərəli daşınmasını təmin etmək üçün ən son standartlara uyğun tikilib. Tanker ekoloji baxımdan beynəlxalq tələblərə cavab verir, yanacaq sərfiyyatında qənaətcildir və yüksək təhlükəsizlik sistemləri ilə təchiz edilib.
Bildirilib ki, 100 % ASCO-ya məxsus olan bu “Aframax” tipli tankerin alınması layihəsi Səhmdar Cəmiyyətin mənfəəti, şirkətin yerli bazarda buraxdığı istiqrazlardan əldə olunmuş vəsait və yerli banklardan cəlb edilmiş kredit hesabına maliyyələşdirilib.
Qeyd edək ki, bu gəmi müqavilə əsasında 3 illik müddətə Braziliyanın milli neft-qaz şirkəti olan “Petrobras”a taym-çarterə verilib. Beləliklə, onun həmin dövrdə istismarı təmin edilib.
Təhvil-təslimdən sonra tanker ilk yükünü Braziliyadan Sinqapur və Malayziyaya çatdırıb. Yaxın günlərdə onun Malayziyadan Səudiyyə Ərəbistanına doğru növbəti səfəri planlaşdırılır.
Əlavə edək ki, 2023-cü ildən indiyədək beynəlxalq sularda 5-i “Aframax” tipli tanker, 2-si “Handysize” tipli quru yük gəmisi olmaqla, ümumilikdə 7 iritutumlu gəmi istifadəyə verilib. “Aframax” tipli tankerlərdən 4-ü ASCO və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yaradılan Birgə Müəssisə tərəfindən alınıb.
Xəzərdənkənar hövzələrdə fəaliyyətin genişləndirilməsi və bununla da, yerli gəmiçilik xidmətlərinin ixracı ilə ölkəyə kənardan daxilolmalara töhfə verilməsi ASCO-nun əsas hədəflərindən biridir və bu istiqamətdə fəaliyyət növbəti dövrlərdə də davam etdiriləcək.