Anar İmanov: "Azərbaycan və Vyetnam ticarət və investisiyaları genişləndirə bilər”

İnfrastruktur
  • 21 aprel, 2022
  • 07:14
Anar İmanov: Azərbaycan və Vyetnam ticarət və investisiyaları genişləndirə bilər”
Anar İmanov

Azərbaycan və Vyetnam ticarət və investisiyalar sahəsinin genişləndirmək üçün daha böyük potensiala malikdirlər.

“Report”un məlumatına görə, bunu Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov “Vietnam Economic Times” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət və investisiya sahəsində böyük potensial mövcuddur: “İlk ağla gələn beynəlxalq daşımalar və nəqliyyat sahəsində əməkdaşlıqdır. Çünki Azərbaycan Asiya ilə Avropa arasında yerləşir və infrastrukturunun inkişafına külli miqdarda vəsait yatırıb”.

Səfir bildirib ki, Azərbaycan öz tərəfdaşları ilə birgə Azərbaycanın dəmir yollarını Gürcüstandan keçərək Türkiyəyə və oradan da Avropaya birləşdirən çox mühüm beynəlxalq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini başa çatdırıb: “Bu layihə vaxta və pula qənaət etməklə yüklərin Asiyadan Avropaya və geriyə qatarla çatdırılması üçün yeni imkanlar açıb”.

A.İmanov vurğulayıb ki, iki ölkə arasında böyük potensiala malik başqa bir sahə turizmdir: “Düşünürük ki, pandemiyadan sonra əməkdaşlıq daha da inkişaf edəcək. İki ölkə arasında qarşılıqlı investisiyalar da, ticarət də inkişaf edə bilər. Azərbaycanda müxtəlif məhsullar istehsal edilir ki, onlar vyetnamlı tərəfdaşlar üçün maraqlı ola bilər. Əminəm ki, Vyetnam ixracatçıları da Azərbaycanda tərəfdaşlar tapa bilərlər. Düşünürəm ki, yaxın gələcəkdə biz iki ölkə arasında ticarət əməkdaşlığının artacağının şahidi olacağıq”.

Qeyd edək ki, 2021-ci il ərzində Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsinin həcmi 185 milyon 755 min ABŞ dolları təşkil edib. Bu, 2020-ci ilin yekunlarının nəticələri ilə müqayisədə 69 milyon 725 min ABŞ dolları və ya 27,3 % azdır.

Belə ki, ötən il ərzində Azərbaycanın Vyenama ixracının həcmi 73 milyon 55 min ABŞ dolları, idxalının həcmi isə 112 milyon 700 min ABŞ dolları təşkil edib. Bu da 2020-ci ilin nəticələri ilə müqayisədə ixracda 101 milyon 874 min ABŞ dolları və ya 2,4 dəfə az, idxalda isə 32 milyon 150 min ABŞ dolları və ya 39,9 % çoxdur.