Əslən Gəncədən olan, artıq 40 ildir Xarkovda yaşayan heykəltaraş Katib Məmmədov yaradıcılıq uğurlarına görə Ukraynanın Xalq rəssamı fəxri adına layiq görülüb.
Ukraynada böyük maraqla qarşılanan bir sıra əsərlərin müəllifi və müxtəlif mükafatların laureatı olan həmyerlimiz həm də Xarkovun fəxri vətəndaşı statusunu əldə etmiş yeganə azərbaycanlıdır.
"Report"un Şərqi Avropa bürosu həmvətənimizin Xarkovdakı emalatxanasından fotoreportaj hazırlayıb.
Azərbaycanlı heykəltaraş Ukraynada müharibənin ilk günündən ən qaynar nöqtələrdən biri olan yaşadığı Xarkov şəhərini tərk etməyib. Ancaq savaşın ağır zərbəsi həmyerlimizdən də yan keçməyib. Onunla birlikdə Xarkovda yaşayan qardaşı oğlu müharibənin ilk günlərində küçədə hərəkət edərkən təsadüfi güllənin qurbanı olub.
K.Məmmədov raket hücumlarının intensivləşməsi səbəbindən öz emalatxanasını zirzəmiyə daşıyaraq işini orada davam etdirir. Bununla belə, emalatxananın yerləşdiyi ərazi də bir neçə dəfə hava zərbələrinə məruz qalıb.