Ü.Hacıbəyli XI Beynəlxalq Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında macar bəstəkar İmre Kalmanın məşhur ikihissəli “Silva” operettası təqdim olunub.
Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səhnə əsərində Silva rolunu Belarusun Əməkdar artisti, Belarus Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Aleksandroviç Viktorovna canlandırıb.
Tamaşada ölkənin rəsmi şəxsləri, ictimai-siyasi xadimləri, tanınmış mədəniyyət və incəsənət adamları, media əməkdaşları, həmçinin Belarus və Macarıstan səfirliklərinin nümayəndələri də iştirak ediblər.
Akademik Musiqili Teatrın möhtəşəm səhnəsində özünü xoşbəxt sayan aktrisa bu səfərini iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün atılan addımlardan biri hesab edib və gələcəkdə də belə qarşılıqlı əlaqələrin davam etdirilməsini arzulayıb.
Qeyd edək ki, “Silva” əsərində dəvət olunmuş aktrisa ilə yanaşı, teatrının rus bölməsinin aktyorları - əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Aydan Hesənova, Firus Məmmədov, Nicat Əli, Telnaz Hüseynova, Murad Əliyev, Elməddin Dadaşov və başqaları da iştirak ediblər.