Bakı. 26 yanvar. REPORT.AZ/ Bakıda aparılan abadlıq işləri ilə əlaqədar yerləşdiyi binanın sökülməsinə qərar verilən “YUĞ” Dövlət Teatrı yaxın günlərdə Dövlət Kukla Teatrının binasına köçürüləcək.
Mədəniyyət və Turizm Nazirliyinin İnformaiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, “YUĞ” Teatrı fevralın 1-dən yaradıcılıq fəaliyyətini Dövlət Kukla Teatrında davam etdirəcək.
Nazirlikdən bildirilib ki, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir: "Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “YUĞ” teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “YUĞ” Teatrının Dövlət Kukla Teatrının binasına köçürülməsi haqda əmir imzalayıb".