Bakı. 6 sentyabr. REPORT.AZ/ Luvr muzeyinin Əbu-Dabi filialı noyabrın 11-də açılacaq.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Fransanın mədəniyyət naziri Fransuaz Nissen məlumat verib.
Açılış günündə "Bir Luvrdan digərinə: muzeyin hər kəs üçün açılması" adlı sərgi təqdim olunacaq. Sərgidə müəyyən hissəsi Fransadan, o cümlədən Luvrdan, Orse Muzeyindən və Pompidu Mərkəzindən gətirilmiş 700-ə yaxın sənət əsərini görmək olacaq.
Fransa prezidenti Emmanuel Makronun muzeyin açılış mərasiminə qatılacağı gözlənilir.
Qeyd edək ki, Paris və Əbu-Dabi arasında muzeyin filialını yaratmaq barədə saziş 2007-ci ildə imzalanıb, tikinti işlərinə 2009-cu ildə başlanılıb, lakin açılış bir neçə dəfə təxirə salınıb.