Gənc Tamaşaçılar Teatrı “İnanıram” monotamaşasını hazırlayır.
Bu barədə "Report"a teatrdan məlumat verilib.
Bildirilib ki, teatrın 95-ci mövsümündə ərsəyə gələn növbəti səhnə əsəri müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir. Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. Həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi həmin ağacı tanımadan şəhid olur. Artıq qadının bu dünyada sadəcə bir sığınacağı var – yamacdakı tək ağac. Son dəfə ağacı görmək və məhz burada intihar etmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır.
Tamaşa Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və şəhid analarına həsr edilib.
Yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Səhnə əsərində ana obrazını aktrisa Zemfira Əbdülsəmədova canlandırır. İlk tamaşa dekabrın 16-da göstəriləcək.
Qeyd edilib ki, yeni tamaşa Mədəniyyət Nazirliyi və “teatro.az” sənət portalının təşkil etdiyi II “4.4 Qısa Tamaşalar Festivalı”nda (QTF) nümayiş etdiriləcək. “Şuşa ili”nə ithaf olunmuş festival milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədi daşıyır.