"İndi xarici səfərlərə daha ürəklə gedirik və oynadığımız bütün tamaşalarda da qalib ölkənin verdiyi özgüvənlə səhnəyə çıxırıq".
Bunu "Report"a müsahibəsi zamanı Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru və direktoru Elman Rəfiyev deyib.
Onun sözlərinə görə, teatrın aktyorlarından biri - Hilal Dəmirov Vətən müharibəsi qazisidir:
"Hansı ki, o, Qoqolun “Şinel” tamaşasında rol alıb və hətta, haqqında sənədli film də çəkilib. Onunla fəxr edirik. Qələbə ruhuna gəldikdə isə bu, hamıda var idi. Sevincimizin həddi-hüdudu yox idi. Pantomima Teatrı olaraq tez-tez xaricdə qastrol səfərlərinə gedirik. Orada tez-tez torpaqlarımızın işğalı barədə suallar ünvanlanırdı ki, bunlar isə bizdə təbii olaraq xoş təəssürat yaratmırdı".
"Pantomima Teatrında xeyli yeniliklər oldu. Ən əsas yeniliyimiz isə mövzu ilə bağlı “4.4 Qısa Tamaşalar Festivalı” keçirildi. Pantomima Teatrı həmin festivalda Nikolay Vasilyeviç Qoqolun “Şinel” əsərini səhnələşdirdi və bu tamaşa festivalda birinciliyi qazandı. Həmin zamanki sevincimizi isə sözlə ifadə etmək çətindir. Teatrda qazanılan uğur hamının uğurudur. Bu fikri bizə Pantomima Teatrının yaradıcısı Bəxtiyar Xanızadə aşılayıb. İlin sonuna yaxınlaşdığımız bir vaxtda qazanılan birincilik bizim üçün ən uğurlu hadisə oldu. Münsiflər heyətinin tərkibində xarici vətəndaşlar da olduğu üçün bu barədə xarici KİV-lər də yazdı. Bu gün o tamaşada oynamasam da, teatr yoldaşlarımın oynadığı tamaşada qazandığı uğuru öz uğrum da sayıram", - E.Rəfiyev vurğulayıb.
Müsahibəsinin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz.