Azərbaycanın Əməkdar artisti, Azərbaycan Dövlət Pantomima Teatrının aktyoru və direktoru Elman Rəfiyevin “Report”a müsahibəsi
- Elman müəllim, əhvalınız necədir?
- Mənim kefim, əhvalım həmişə yaxşı olur. Hər günümü pozitiv başlamağa çalışıram. Məni tanıyan insanlar da onlara hər zaman pozitiv enerji ötürdüyümü deyirlər. Düşünürəm ki, bu, həyatsevərliyimdən irəli gəlir. Gərək ötən hər günü ürəyincə yaşamağa çalışasan. Bu günü sabahı düşünmədən sadəcə bu gün üçün yaşamaq lazımdır. Layiqli yaşadığın hər gün sənin qazancındır, çünki sabah nə olacağı, sizi nələrin gözlədiyi hələ bəlli deyil. Təbii ki, hər birimizin həyatında əhvalımızın pozulduğu anlar olur, lakin bu, müvəqqətidir. Ömrünü neqativlərə köklənərək yaşamağın mənası yoxdur.
- Vətən müharibəsindən sonra Azərbaycan mədəniyyəti, incəsənəti də yeni bir dönəmə qədəm qoydu. Bu baxımdan Pantomima Teatrında hansı dəyişikliklər başladı?
- Pantomima Teatrında xeyli yeniliklər oldu. Ən əsas yeniliyimiz isə mövzu ilə bağlı “4.4 Qısa Tamaşalar Festivalı” keçirildi. Pantomima Teatrı həmin festivalda Nikolay Vasilyeviç Qoqolun “Şinel” əsərini səhnələşdirdi və bu tamaşa festivalda birinciliyi qazandı. Həmin zamanki sevincimizi isə sözlə ifadə etmək çətindir. Teatrda qazanılan uğur hamının uğurudur. Bu fikri bizə Pantomima Teatrının yaradıcısı Bəxtiyar Xanızadə aşılayıb. İlin sonuna yaxınlaşdığımız bir vaxtda qazanılan birincilik bizim üçün ən uğurlu hadisə oldu. Münsiflər heyətinin tərkibində xarici vətəndaşlar da olduğu üçün bu barədə xarici KİV-lər də yazdı. Bu gün o tamaşada oynamasam da, teatr yoldaşlarımın oynadığı tamaşada qazandığı uğuru öz uğrum da sayıram.
Teatrda isə yeniliklər davam edir və müxtəlif janrlarda, mövzularda tamaşalar hazırlanır. Tamaşaların adı haqqında heç vaxt məlumat vermirik. Sürpriz olması daha yaxşıdır, çünki tamaşaçılarımız hər zaman bizdən qeyri-adi yeniliklər gözləyirlər. Sadəcə artıq ictimaiyyətə təqdim olunmuş iki tamaşanın adı barədə məlumat verə bilərəm. Onlardan biri elə Qoqolun “Şinel” əsəri, digəri isə Hüseyn Cavidin “İblis” əsəridir. Bu tamaşalar üzərində də hazırda iş gedir və 2023-cü ildə sözügedən tamaşalarla tamaşaçılarımızın görüşünə gələcəyik. Lakin ictimai izləmə olmadığı üçün digər tamaşalar barədə danışmaq istəmirəm.
- Sizin fikrinizcə, Pantomima teatrının yaranmasını şərtləndirən amillər nədir?
- Pantomima hərəkət teatrıdır. Biz tamaşaçını sözlə yox, hərəkətlə inandırmağa çalışırıq. Bəxtiyar müəllim çox istəyirdi ki, Azərbaycanda da bu teatr yaransın. O zaman elə həmin məhşur “Nağaraçılar”, “Kvaksafon” tamaşaları yarandı. Bəxtiyar müəllimin gözəl bir sözü var: “Siz məni sözlə aldada bilərsiniz, amma hərəkətlə yox”. Pantomimada hərəkətlər o qədər dəqiq olmalıdır ki, tamaşaçılar səni anlamalıdır. Bir tamaşada bir aktyorun üzərinə orta hesabla 1000-2000 hərəkət düşür. Aktyor həmin hərəkətlərin hər birini yadında saxlamalıdır. Bu isə yaddaş, yüksək peşəkarlıq və fiziki hazırlıq tələb edir. Azərbaycanda da Pantomima Teatrının yaranması incəsənətə öz töhfəsini verir ki, yaradılmasını şərtləndirən əsas amillərdən biri bu idi.
- Pantomima Teatrı öz spesifik xüsusiyyəti, fərqli janrı ilə fərqlənir. Bu istiqamətdə əsər tapmaq, onu səhnələşdirmək çətin deyil ki?
- Ümumiyyətlə Pantomima Teatrı üçün əsər yazan yazıçı yoxdur. İlk dəfə Pantomima Teatrı yaradılanda birinci tamaşanı Bəxtiyar Xanızadə hazırki Akademik Milli Dram Teatrının direktorunun müavini Hacıbaba Məmmədovla birlikdə Samuel Bekketin “Bir aktyor üçün mim” əsərini “Ümid” adı ilə səhnələşdirmişdilər. Azərbaycanda ilk pantomima tamaşası o cür ərsəyə gəldi. Bu da 90-cı illərin əvvəllərinə təsadüf edir. Həmin tamaşa böyük səs-küyə səbəb oldu, müxtəlif festivallarda uğur qazandı. Ondan sonra əsər olmadığından Bəxtiyar Xanızadə bütün əsərləri özü qələmə aldı və hətta onun bir əsərinə Amsterdamda “brilyant nömrə” adı verildi. Sözügedən əsər isə “Nağaraçılar”dır. Bu əsər klassik Pantomima Teatrının simasıdır. Teatrda elə bir şərait yarandı ki, aktyorlarımız özləri əsər yazmağa başlamaqla Pantomima Teatrının həm aktyoru, həm rejissoru, həm də yazarı oldular.
- Sizə uğur gətirdiyini düşündüyünüz rolunuz olub? Olubsa, hansı roldur və gətirdiyi uğuru nə ilə izah edərsiniz?
- Bir çox rollar oynamışam, demək olar ki, sayı-hesabı yoxdur. Lakin mənə uğur gətirənlərdən üçünün adını çəkə bilərəm. Onlardan ilki “Nağaraçılar”dır, hansı ki, elə bir dəfə “ala dumbala duba” demək bəs edirdi ki, tamaşaçının diqqətini öz üzərinə cəlb edəsən. İkincisi Əbdürrəhim Bəy Haqverdiyevin “Kimdir müqəssir” tamaşasında “Şeytan” obrazı idi. Tamaşada həm mələk, həm də şeytan var idi. Nədənsə, tamaşaçılarımız “Şeytan”ı sevirdi. Sonuncusu isə “Muğam trio” tamaşasıdır. Sadalasam tamaşa çoxdur. Amma bu üç tamaşanın üzərində xüsusilə dayanmaq olar. Uğurunu isə tamaşalarımızın çox bəyənməsi ilə izah edərdim.
- Pantomima Teatrının ən məşhur tamaşalarından olan “Muğam Trio” kimi tamaşalar hazırlanır?
- “Pantomima Buketi” adlı tamaşa ilə tamaşaçılarımızla görüşəcəyik. Bu tamaşada “Muğam Trio” kimi tamaşalar nümayiş olunacaq. Düşünürəm ki, uğur gətirəcək tamaşalar olacaq, lakin sonda qərar yenə tamaşaçınındır.
- Hazırda teatrın fəaliyyətindən razısınız? Ümumiyyətlə, teatrda dəyişiklik etsəydiniz, bu, nə olardı?
- Heç nəyi dəyişmək istəməzdim. Çünki burada elə bir ab-hava yaranıb ki, nəyisə dəyişməyə ehtiyac yoxdur. Buzqıran gəmi - Bəxtiyar Xanızadə qarşıda gedir, biz də onun arxasınca. Yaradıcılıq, tamaşa, bir sözlə teatr üçün nə lazımdırsa, Pantomima Teatrında o var. Ən böyük uğurumuz isə teatrda çalışan aktyorların üzünə bütün qapıların açıq olmasıdır ki, bunun da qiyməti yoxdur. Bəxtiyar müəllim zərgər dəqiqliyi ilə hər şeyi hesabladığı üçün 1994-cü ildən bu günə qədər teatrın işləri öz axarı ilə gedir. Bu uğura görə də Bəxtiyar Xanızadəyə borcluyuq.
- Hazırlanan tamaşalar qələbə ruhuna kökləndimi?
- Bizim bir aktyorumuz - Hilal Dəmirov Vətən müharibəsi qazisidir. Hansı ki, o, Qoqolun “Şinel” tamaşasında rol almışdı. Onun haqqında sənədli film də çəkilib. Onunla fəxr edirik. Qələbə ruhuna gəldikdə isə bu, hamıda var idi. Sevincimizin həddi-hüdudu yox idi. Pantomima Teatrı olaraq tez-tez xaricdə qastrol səfərlərinə gedirik. Orada tez-tez torpaqlarımızın işğalı barədə suallar ünvanlanırdı ki, bunlar isə bizdə təbii olaraq xoş təəssürat yaratmırdı. Lakin indi bu səfərlərə daha ürəklə gedirik. Oynadığımız bütün tamaşalarda da qalib ölkənin verdiyi özgüvənlə səhnəyə çıxırıq.
- Bildiyimizə görə ali təhsil ocaqlarında da, xüsusən incəsənət universitetində pantomim aktyorları yetişdirilmir. Belə olduğu halda aktyorları necə cəlb edirsiniz?
- Bir dəfə teatra yeni aktyor və aktrisalar cəlb etmək üçün elan verdik. Təxminən 100 nəfərə yaxın şəxsdən 4-5 nəfər seçildi. Çoxları bura sırf ad və xarici səfərlər üçün gəlir. Teatrda bacarıq, istedad kimi bir çox tələblər var. Həmin tələblərə cavab verən aktyor və aktrisaları tapmaq isə olduqca çətindir. Bura işə qəbul olunsa da, onlar Pantomima Teatrında uzun bir yol gözləyir. İnkişaf üçün daim öz üzərinizdə çalışmalısınız.
- Hər Yeni ildə “Teatra maraq yoxdur” kimi fikirləri ilə qarşılaşırıq. Bəs sizin bu fikrə yanaşmanız necədir?
- Bu gün insanların əsas fikri əyləncə mərkəzlərinə yönəlib. Ticarət mərkəzlərinə gedəndə bunu rahatlıqla müşahidə etmək mümkündür. Hamı yemək yeməklə məşğuldur. Oturmağa yer tapmaq mümkün deyil. Üz tutaq kinoteatrlara, burada isə mənzərə başqadır. Kino 5-10 nəfər tamaşaçı üçün nümayiş etdirilir. Düzdür, bir vaxtlar kinoya axın çox idi, lakin bundan da yoruldular. Bir gün bir neçə gənc tamaşaçı teatra gəlmişdi, maraq üçün sual verdim ki, “nə yaxşı teatra gəlmisiniz?”. Onlar isə cavablarında ticarət mərkəzlərindən yorulduqlarını dedilər. Artıq eyni şeyləri etməkdən yorulmuş gənclər yeniliyi yenə də teatrda axtarırlar. Həmişə demişəm, teatr canlı sənət növüdür. Onun ötürdüyü enerjini başqa yerdən almaq mümkün deyil.
- Pantomima Teatrının daha böyük binaya ehtiyacı varmı? Bunun üçün müraciət etmisiniz?
- Mədəniyyət Nazirliyi sağ olsun ki, o zaman bu binanı bizim üçün verib. Zalımızın kiçik olmasından şikayət etməsək də, daha böyük zalımızın olmasını istəyərdik. Hazırda təmir üçün növbəmizi gözləyirik. Bəlkə də təmir daha tez ola bilərdi, lakin ürəklə deyirəm, yaxşı ki, Qarabağ qayıtdı. Bizim üçün daha vacib olan şey məhz budur. Viran edilmiş ata-baba yurdumuz bərpa olunmalı, oralara tezliklə həyat qayıtmalıdır. Bilirik ki, bizim işimiz dövlətin diqqətindədir, çünki hər bir dövləti onun mədəniyyəti, idmanı və siyasəti ilə tanıyırlar. Ona görə də hazırda təmir üçün tələsmirik.
- Sirr deyilsə, aktyorların maaşı nə qədərdir? Başqa yerdən qazancınız var?
- Bəxtiyar Xanızadə bu teatrı yaradanda deyirdi ki, mənim üçün əsas məsələ aktyor və aktrisalarımın yaxşı yaşamasıdır. Bunu həmişə arzulayıb və bunun üçün də əlindən gələni edib. Aktyorlarımızın çoxu İncəsənət Universitetində dərs deyirlər. Bu gün kino sənətində də əksəriyyət bizim aktyorlardan ibarətdir. Aktyorun qazanc yeri kino, dublyaj və dərs dediyi məkandır. Maaşa gəldikdə, həqiqətən maaşlarımız çox acınacaqlı idi. Sağ olsun Afaq Bəşirqızı, cənab Prezidentlə görüşdə məsələni qaldırdı. Bu, yaxşı mənada aktyorların hər birinin maaşına təsir göstərdi. İndi maaşlar normal olsa da, bazarda qiymət artımı da mövcuddur. Fikirləşirəm ki, hazırki vəziyyət nəzərə alınacaq və aktyorların da maaşı qalxacaq. Əgər sən peşəkarcasına, sevgi ilə öz sənətinlə məşğulsansa, ruzini Allah yetirir. 42 ildir bu sənətlə məşğul olaraq bu günə gəlib çıxmışam. Çünki gördüyüm işi, öz sənətimi sevmişəm. Dolana bilmirəm deyən aktyoru başa düşə bilmirəm. Mən dublyajla məşğul oluram, kinoya, seriallara çəkilirəm, teatrda çalışıram. Bunların hər birinin gəliri var. Bütün teatr çalışanları pandemiya zamanı dedilər ki, nə yaxşı biz dövlət teatrında çalışırıq. Çünki evdə otursaq da, maaşımızı aldıq. Dövlətimiz aktyorları kənarda saxlamadı. Deməli bir aktyor həm də bu hörməti qazanıb. Bütün bunları nəzərə alaraq bütün aktyorlarımız daim üzərlərində işləməlidirlər.
Foto: Firudin Səlimov