BANM-in tələbələri Milli Dram Teatrında tamaşa nümayiş etdiriblər

BANM-in tələbələri Milli Dram Teatrında tamaşa nümayiş etdiriblər Tamaşanın quruluşçu rejissoru BANM-in müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyevadır
İncəsənət
1 Mart , 2017 11:11
BANM-in tələbələri Milli Dram Teatrında tamaşa nümayiş etdiriblər

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində ilk dəfə olaraq Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin ifasında Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadənin komediyası əsasında “Hekayəti-Müsyö Jordan və Dərviş Məstəli şah” iki hissəli tamaşa nümayiş etdirilib.

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tamaşaya SOCAR-ın və BANM-in rəhbərliyi, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin rəhbərliyi və bir sıra universitetlərin nümayəndələri, eləcə də BANM-in professor-müəllim heyəti və Ali Məktəbdə təhsil alan tələbələr dəvət olunublar.

BANM-in rektoru Elmar Qasımov qeyd etib ki, onun başçılıq etdiyi təhsil ocağında dəqiq elmlərlə yanaşı, incəsənətə və yaradıcılığa da eyni dərəcədə maraq göstərirlər. Ali Məktəbin rəhbərliyi və müəllimləri Azərbaycan üçün sadəcə neft-qaz mühəndisliyi sahəsində yüksəkixtisaslı mütəxəssislər deyil, həm də əsl şəxsiyyətlər və vətəndaşlar yetişdirməyə çalışırlar.

“Bizim tələbələrimiz hərtərəfli savadlıdırlar, onlar həm incəsənətlə, mədəniyyətlə, həm də ki yaradıcılıqla maraqlanırlar. Bugünkü tamaşanı buna misal kimi göstərmək olar” - deyə E.Qasımov bildirib.

Uzun illər Azərbaycan səhnəsində oynanılan dahi Mirzə Fətəli Axundzadənin ölməz komediyası Ali Məktəbin tələbələrinin təqdimatında tamaşaçılarda maraq doğurub və alqışlarla qarşılanıb. Yaradıcı heyət tərəfindən böyük ruh yüksəkliyi, təbii və mahircəsinə ifa olunan tamaşa izləyicilərə böyük təsir bağışlayıb. Qeyd edək ki, tələbələrin iştirakı ilə tamaşanı səhnələşdirmək ideyası BANM-in rektoru E.Qasımova məxsusdur.

Tamaşanın quruluşçu rejissoru BANM-in müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyeva, bədii rəhbəri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov, rəssamı isə Azərbaycanın əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

Baş rolları BANM-in tələbələri Asiman Səidzadə (Müsyo Jordan), Emin Balaşov (Hatəmxan ağa), Sevinc Qafarlı (Şərəfnisə xanım), Əfsanə Zeynallı (Şəhrəbanu xanım), Nicat Həsənov (Şahbaz bəy), Simuzər Babazadə (Gülçöhrə), Zərifə Orucova (Xanpəri), Niyaz Əhmədzadə (Dərviş Məstəli şah), Yaşar Mustafayev (Qulaməli), Fərhad Qədimov və Leyla Rzayeva ifa ediblər. 

Son xəbərlər

Orphus sistemi