Bakıda dünya şöhrətli fotojurnalist Reza Deqatinin fotolarından ibarət “Caspian Dream” adlı sərgi açılıb.
"Report" xəbər verir ki, tədbirdə dünya şöhrətli sənətkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
R.Deqati jurnalistlərə açıqlamasında bildirib ki, sərgidə lentə aldığı 7 böyük ölçülü fotoşəkil nümayiş olunur: "Bu fotoları 1990-cı illərdə Qarabağa helikopterlə çox çətinliklə gedərək çəkmişdim. 1992-ci illərdə Qarabağ müharibəsi zamanı Bakıya çox gələrdim, keçmiş məcburi köçkünlərə yardım gətirər, şəkillər çəkərdim. Daha sonra 6 ay İrandan başqa bütün Xəzər dənizinin sahillərini gəzdim, bu sahildən o sahilə kimi bütün fotoları çəkdim. 1990-cı illərdə Bayıl tərəfdə balıqçıları çəkərdim. Onlara baxanda arzulayırdım ki, Azərbaycan müstəqil olacaq və keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıdacaq".
Fotojurnalist həmçinin şəkildəki adamların hər birinin qarabağlı olduğunu deyib.
Qeyd edək ki, görkəmli fotojurnalist Reza Deqati haqqında danışanda ağıla üç söz gəlir: xeyriyyəçi, idealist və humanist. R.Deqati fotoqrafiyaya başlamazdan əvvəl memar kimi təhsil alıb. Tarixin əsas anlarını tuta bilməsi üçün uzun yola çıxmasının nəticəsi olaraq onun əsərləri yüzdən çox beynəlxalq mediada dərc edilib. O, bununla bütün dünyada fotolarından ibarət böyük instalyasiyalarını yaradaraq nümayiş etdirir, eyni zamanda böyük universitetlərdə və beynəlxalq təşkilatlarda keçirilən konfranslarda mühazirəçi kimi çıxış edir.