Azərbaycanın görkəmli hərbi xadimi haqqında film çəkilir

Azərbaycanın görkəmli hərbi xadimi haqqında film çəkilir Vəli bəy Yadigarovun həyat və fəaliyyətindən bəhs edən sənədli filmin ideya müəllifi Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovdur
İncəsənət
6 İyun , 2015 09:44
Azərbaycanın görkəmli hərbi xadimi haqqında film çəkilir

Bakı. 6 iyun. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" studiyası və Polşanın "Kaleydoskop" kinostudiyası görkəmli hərbi xadim Vəli bəy Yadigarovun həyat və fəaliyyətindən bəhs edən "Polkovnik" adlı sənədli filmin çəkilişlərinə başlayıb.

"Report" xəbər verir ki, Vəli bəy Yadigarov rus çar ordusunun tərkibində I Dünya müharibəsində iştirak edib, Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda korpus komandirinin yanında eskadron komandiri olub.

XI Qırmızı Ordu Bakıya daxil olanda üçüncü Şəki süvari alayının pərakəndə dəstəsilə döyüşə-döyüşə Gürcüstan ərzisinə çəkilib. 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşub və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə gedib.

Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olub.

Çəkilişlər Azərbaycan, Polşa və Gürcüstanda aparılır. Filmin Gürcüstan və Polşa çəkilişləri artıq yekunlaşıb, Azərbaycan çəkilişlərinin isə iyun-iyul aylarında tamamlanması nəzərdə tutulub.

Qeyd edək ki, filmin rejissorları Tahir Əliyev və Leji Lyubax (Polşa), ideya müəllifi Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, prodüseri Nazim Hüseynovdur. Filmin çəkilişlərində polşalı kinematoqraflar da iştirak edir.

Son xəbərlər

Orphus sistemi